Sentyabrın 11-də “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı çərçivəsində "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda həyata keçirilən forumun qala gecəsi SDU-da baş tutub.
Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin və hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
SDU-nun rektoru Rüfət Əzizov qonaqları və iştirakçıları salamlayaraq tədbiri açıb, sənaye şəhəri olan Sumqayıt və Sumqayıt Dövlət Universitetinin inkişafı haqqında məlumat verib. Rektor COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsindən və konfransa hazırlıqlar çərçivəsində bu forum kimi tədbirlərin əhəmiyyətindən danışıb. O, forum çərçivəsində universitetlərin “yaşıl bacarıqlar” ilə bağlı gündəliklərinin və qarşıda duran məsuliyyətlərinin müzakirə olunmasının planlaşdırıldığını qeyd edib.
Tədbirdə, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin əməliyyatlar üzrə baş direktoru Nik Piroq və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin - rektoru Vazeh Əsgərov çıxış edərək forumun çox aktual bir məsələyə həsr olunduğunu vurğulayıb, universitetlərə davamlı inkişaf hədəfləri üçün qlobal məkanda təsirlərini artırmaq imkanı yaradacağını bildiriblər.
Tədbirin bədii hissəsində universitetin istedadlı tələbələri, eləcə də Sumqayıt Musiqi Kollecinin müəllimlərinin ifalarında musiqi və rəqs nömrələri nümayiş olunub.
Qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzini ziyarət edərək ümummilli liderin həyat və fəaliyyətinə dair ətraflı məlumat alıblar. Daha sonra universitetin elektroenergetika üzrə "Tədris Muzeyi" və "Tədris Poliqonu"na baxıblar. Qonaqlar, həmçinin universitetin müəllim-tələbə heyəti tərəfindən hazırlanan innovativ startap layihələri ilə tanış olublar.