Universitetimizdə Gənclər Günü qeyd olundu.
Əvvəlcə professor-müəllim, tələbə heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt, sağlam gənclik və uğurlu gələcək arzu etdi. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük xidməti olmuşdur. Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. Mən inanıram ki, siz gənclər universitetimizdə
əldə etdiyiniz bilik və bacarığınızla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz. Siz gənclərin simasında bu günü tezliklə Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağda, Şuşada təntənə ilə qeyd edəcəyik.
Əziz gənclər, bayramınız mübarək!
Sonra respublikamızın tanınmış sənətkarlarının və universitetimizin tələbələrindən ibarət özfəaliyyət qrupunun nəğmələri, Səma rəqs qrupunun ifa etdiyi rəngarəng rəqslər, o cümlədən Azərbaycanın ən qədim rəqs növlərindən sayılan Yallı tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi.
Mətbuat xidməti