Sentyabrın 23-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru dosent Rüfət Əzizov şura üzvlərini salamladı və iki yeni müşavir: Əhməd Əhmədzadə və Rza Məmmədovu kollektivə təqdim etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Rektor onu da qeyd etdi ki, bugünkü iclasın keçirilməsində əsas məqsəd SDU-nun İnstitusional akkreditasiyası ilə bağlı özünütəhlilin nəticələrinə dair hesabatın müzakirəsi və təsdiqi barədə qərar qəbul edilməsidir.
Sonra iclasın gündəliyi nəzərə çatdırıldı və təsdiq olundu.
Birinci məsələ ilə bağlı SDU-nun İnstitusional akkreditasiyasına dair özünütəhlilin nəticələri haqqında Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı məlumat verdi.
Hesabatın müzakirəsi zamanı irəli sürülən qeydlər və tövsiyələr nəzərə alınmaqla hesabat təsdiq edildi.
2024/2025-ci tədris ilində Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri barədə Tədris Metodiki Mərkəzin direktoru dosent Osman Hacıyev ayrı-ayrı fakültələr üzrə nəticələrdən ibarət hesabatla çıxış etdi. Qeyd etdi ki, cari tədris ilində SDU-ya yüksək akademik göstəricilərlə qəbul olunan tələbələrin sayı xeyli artmışdır.
Müzakirələrdən sonra 2024/2025-ci tədris ilində Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri müsbət qiymətləndirildi.
SDU-nun Tələbə Evinin yeni tədris ilinə hazırlığı və tələbələrin yerləşdirilməsi barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzə prorektor dosent Elmar Xəlilov çıxış etdi. Qeyd etdi ki, SDU-ya 500 baldan yüksək akademik göstəricilərlə qəbul olunan, həmçinin SABAH quplarına qəbul olunan tələbələrə Tələbə Evində ödənişsiz əsaslarla yer verilməsi qərara alınmışdır.
Ümumilikdə Tələbə Evinin 2024/2025-ci tədris ilinə hazırlığı və tələbələrin yerləşdirilməsi uğurla icra olunmuşdur.
“Akademik Məşvərət” Şurasının yaradılması və Əsasnaməsinin müzakirəsi və təsdiqi barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev məlumat verdi. Qeyd etdi ki, “Akademik Məşvərət” Şurası Sumqayıt Dövlət Universitetinin ictimai əsaslarla fəaliyyət göstərən və müstəqil qərar qəbul edən kollegial orqanıdır. “Akademik Məşvərət” Şurasının Əsasnməsinə əlavələr və dəyişikliklər Elmi Şuranın qərarı ilə həyata keçirilir. Bu da universitetin akademik missiyasını dəstəkləmək, elmin inkişafı və tədrisin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil etmək, universitetin strateji inkişafı ilə bağlı yeni layihələr və proqramlar təklif etməklə akademik siyasət və strategiyaların əhatəli formada dəyərləndirilməsinə və tətbiq edilməsinə dəstək olacaq.
Elmi Şuranın iclası gündəlikdə duran məsələlər ilə əlaqədar müvafiq qərarların qəbul olunması ilə yekunlaşdı.