Sentyabrın 25-də Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində (SDU) olub.
UDNTU-nun Neftkimya və kimya texnologiyası kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Tatyana Rudolfovna Prosoçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən SDU-nun prorektoru, dosent Elmar Xəlilov, SDU rektorunun müşaviri, kimya elmləri doktoru İsmayıl İsmayılov universitetlər arasında əsası qoyulan ikitərəfli əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən danışıblar.
Rektorun müşaviri UDNTU ilə əməkdaşlıq çərçivəsində Neftkimya və kimya texnologiyası kafedrası ilə uzun illərdir əməkdaşlıq edildiyini xatırlatdı, birgə konfransların təşkili, məqalələrin nəşri və kitab hazırlandığını qeyd etdi. İsmayıl İsmayılov ötən tədris ilinin əvvəlində SDU-da yeni rəhbərliyin təyinatından sonra burada struktur dəyişikliyinin aparıldığını, oxşar təyinatlı kafedraların birləşdirildiyini strukturun optimallaşdırılması, tədris planlarının yenilənməsi, məzmunun yenidən işlənilməsi zərurəti ilə əlaqələndirdi.
Kimya elmləri doktoru İsmayıl İsmayılov Kimya mühəndisliyi, Ekologiya mühəndisliyi, magistratura proqramlarının yenilənməsini universitet-sənaye əməkdaşlığının gücləndirilməsi aspektindən zəruriliyini, bu yenilənməyə şəxsən özünün rəhbərlik etdiyini xatırlatdı. Proqramların yenilənməsinin BP şirkətinin dəstəyi ilə həyata keçirildiyini, proqramların yenilənməsi nəticəsində tədris planlarında günümüzün müasir mövzularına, daha çox praktiki məşğələlərə yer verildiyini, mühəndisliyin əsası olan fənlərin sənaye müəssisələrindən gələn mütəxəssislər tərəfindən tədrisi olunduğu vurğulandı. Yeni laboratoriyaların qurulması haqqında danışan rektorun müşaviri bunun universitetin elmi-tədqiqat potensialının gücləndirilməsinə xidmət etdiyini, digər sənaye müəssisələri ilə əməkdaşlığı, cari ilin mayında 50-dən çox müəssisənin iştirakı ilə keçirilən karyera forumu və sənaye-universitet əməkdaşlığının aktuallığından danışdı. Bu ilin sentyabrında THE (Times Higher Education), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin birgə təşkil etdiyi forumun ölkəmizdə keçiriləcək COP29 tədbirlər planına uyğun olaraq əhəmiyyəti və məqsədləri qeyd edildi.
UDNTU-nun Neftkimya və kimya texnologiyası kafedrasının müdiri, kimya üzrə elmlər doktoru Tatyana Prosoçkinanın azərbaycanlılara məxsus qonaqpərvərliklə qarşılandığına görə təşəkkürünü bildirdi. O, təmsil etdiyi UDNTU-nun Ufa şəhərində yerləşdiyini, burada emal sənayesinin əsasını neft məhsulları və neft kimyası, maşınqayırma və kimya sənayesinin təşkil etdiyini qeyd etdi. Kafedra müdiri təhsil ilə yanaşı, elmi-tədqiqat işlərinin kəmiyyət və keyfiyyətinin artırılmasının onlar üçün də əhəmiyyət daşıdığını bildirərək əməkdaşlığın bu istiqamətdə davam etdirilməsinə inamını ifadə etdi.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edildi.