SDU-nun professor-müəllim və tələbə heyəti Anım Günü münasibətilə şəhidlərimizi hörmət və ehtiramla yad ediblər
Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bununla əlaqədar respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur. Anım Günü ilə əlaqədar universitetin professor-müəllim və tələbə heyəti əvvəlcə Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı kompleksini ziyarət edib, Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın xatirəsini yad edərək məzarları üstünə tər qərənfillər düzüblər. Sonra Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor və müəllim heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirə abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək Vətən müharibəsində böyük Zəfərə gedən yoldan danışaraq qeyd edib ki, bu gün Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Xalqımız Anım Gününü Zəfər gününün başlanğıcı kimi qeyd edir. Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı və Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zəfər tarixinin yazılmasında qazilərin və şəhidlərin xüsusi rolunu qeyd edən prorektor şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu bildirib. Diqqətə çatdırıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə SDU - nun məzunları da qəhrəmanlıq nümayiş etdirərək Şəhidlik zirvəsinə yüksəliblər. Xalqımız şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, həmişə ehtiramla yad edir. Daha sonra Anım Günü münasibətilə tədbir keçirilib. Universitetin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək Azərbaycanın Qarabağ Zəfərinə gedən uzun yolda hərbi-siyasi proseslər barədə çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən söz açıb. Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Aysel Şamilova “Vətən müharibəsi - müasir tariximizin şanlı səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında Tarix və coğrafiya fakültəsinin magistrantı Nübar Osmanova “Anti-terror əməliyyatı - Azərbaycan Respublikasının Konstitusiya qruluşunun tam bərpası”, həmin fakültənin 3-cü kurs tələbəsi Rahil Cəfərov “Qələbəmizin təminatı iqtidar-xalq birliyidir” mövzularında çıxış edərək xalqımızın Vətən müharibəsindəki birliyi, qəhrəmanlığından bəhs edərək bildiriblər ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət kimi tanınaraq möhtəşəm uğurlara imza atır. Tədbirdə SDU-nun 1-ci və 2-ci Qarabağ savaşlarında, həmçinin Aprel döyüşlərində həlak olan Şəhid məzunlarının döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.