Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “SOCAR Türkiyə” Yay Təcrübə Proqramından qayıdan tələbələrimiz təəssüratlarını bölüşdülər
Yerləşdirilmə tarixi : 30 Sentyabr 2024 11:42
“SOCAR Türkiyə” Yay Təcrübə Proqramından qayıdan tələbələrimiz təəssüratlarını bölüşdülər
Sumqayıt Dövlət Universitetində tələbələr üçün təcrübə mühiti və nəzəri biliklərin tətbiqini əhatə edən universitet-sənaye əməkdaşlığı uğurla davam etdirilir. Tələbələrimiz əməkdaşlıq çərçivəsində SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərilir. Bu da gənclərin hələ tələbəlik illərindən gələcək karyeralarına böyük dəstək olur.
SDU-nun dörd tələbəsi- Mühəndislik fakültəsinin tələbələri Nübar Nəcəfli, İlqar Həsənli və Xatirə Rəhimova, eləcə də Təbiət elmləri fakültəsinin tələbəsi Asiman Şahkərimli 2023-2024-cü tədris ilinin sonunda “SOCAR Downstream Management” MMC - də yay təcrübə proqramına qatıldılar. Onlar iyulun 8 - dən avqustun 2-dək “SOCAR Downstream Management” MMC -də, avqustun 6 -dan sentyabrın 3 - dək “SOCAR Türkiyə” də təcrübədə oldular. İstehsalat təcrübəsindən qayıdan tələbələrimiz öz təəssüratlarını bizimlə bölüşdülər:
Nübar Nəcəfli “SOCAR Downstream Management” MMC- də təcrübədə olarkən neft və qaz emalı prosesləri haqqında geniş məlumat əldə etdiyini, sektorda baş verən əsas əməliyyatlar, logistika və təchizat zənciri ilə bağlı praktik biliklər qazandığını diqqətə çatdırdı. Sonrakı mərhələdə “SOCAR Türkiyə”də, Star Rafineridə, APC və avtomatlaşdırma sahəsində təcrübədə olarkən mentorlarının dəstəyi ilə sənaye avtomatlaşdırma sistemləri və nəzarət texnologiyaları, xüsusilə Honeywell, Yokogawa və ABB kimi qabaqcıl DCS sistemləri ilə yaxından tanış olduğunu bildirdi. Qazandığı biliklərin onun üçün sənaye texnologiyaları sahəsində mövcud bacarıqlarını təkmilləşdirmək və gələcək məqsədlərinə doğru mühüm addım atmaq baxımından əvəzsiz olduğunu vurğuladı.
Xatirə Rəhimova “SOCAR Downstream Management” MMC-də neft və qaz emalı prosesləri və bir çox texniki qurğular, avadanlıqlarla əyani tanış olaraq, həm nəzəri, həm də praktiki biliklərə yiyələndiyini, həmçinin burada müxtəlif mövzular barədə keçirilən təlimlərdə iştirak etdiyini və təhlükəsizlik qaydalarını öyrəndiyi haqqında məlumat verdi. Təcrübə müddətində Heydər Əliyev adına neft emalı zavodunda və “SOCAR Türkiyə” də qazandığı biliklərin böyük rolunu vurğuladı.
Asiman Şahkərimli “SOCAR Türkiyə” nin yaratdığı innovativ mühitdə öz ixtisasına uyğun proseslərlə tanış olduğunu bildirdi. O, belə proqramların gələcəkdə də davam etməsini arzuladı.
İlqar Həsənli “SOCAR Downstream Management” MMC- də NÖC və avtomatika üzrə ən son sənaye texnologiyaları üzrə qazandığı təcrübələr haqqında məlumat verdi. “Petkim” Petrokimya Holdinqin Sənaye avtomatlaşdırma və idarəetmə sistemləri departamentində “SOCAR Türkiyə”də 4 həftəlik təcrübəsini uğurla başa vurduğunu, təcrübə ərzində PETKİM-də DCS sistemləri ilə praktiki işləmək üçün unikal fürsət əldə etdiyini və nəticədə sənaye bilikləri ilə yanaşı, texniki bacarıqlarının artdığını da vurğuladı.
Məlumat üçün bildirək ki, təcrübənin sonunda tələbələrimiz “SOCAR Downstream Management” MMC-nin və “ SOCAR Türkiyə” nin sertifikatları ilə təltif olundular.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az