Kazan Dövlət Energetika Universitetinin əməkdaşları SDU-da
Kazan Dövlət Energetika Universiteti (KDEU) və SDU arasında beynəlxalq əməkdaşlıq 2013-cü ildən başlanmışdır. Bu müddət ərzində müxtəlif tədbirlər həyata keçirilmiş, hər iki tərəfin nümayəndə heyəti qarşılıqlı səfərlər etmiş, birgə beynəlxalq layihələrdə partnyor olmuşlar. 2022-ci ildə KDEU-nun İnkişaf və innovasiya prorektoru İ. G. Axmetovanın rəhbərlik etdiyi nümayəndə heyətinin SDU-ya səfərini qeyd etmək olar. 2023-cü ilin noyabrında KDEU-nun 55 illik yubileyi münasibətilə SDU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin KDEU-ya səfəri mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Tatarıstan Respublikasının “Algarış” qrant proqramı çərçivəsində “Xarici dillərin tədrisində süni intellekt və maşın öyrənməsi” mövzusunda peşəkar təcrübə keçmək üçün KDEU müəllimlərinin SDU-ya növbəti səfəri baş tutub. Kazan Dövlət Energetika Universitetinin Xarici dillər kafedrasının müdiri fil.e.d., prof. G. F. Lutfullinanı və kafedranın dosenti, ped.e.d. E. V. Dmitriyevanı Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov qəbul edib. SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Könül Abaslı qonaqları rektora təqdim edərək universitetlərimiz arasında əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərə toxunub, görüşün hər iki universitetin tələbə və müəllimləri arasında uğurlu əməkdaşlığa töhfə verəcəyini bildirib. SDU-nun Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova qeyd ki, kafedranın Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan Dövlət Energetika Universitetinin Xarici dillər kafedrası ilə əməkdaşlığı 2021-ci ildən başlayıb. Bu illər ərzində kafedralarımızın əməkdaşları hər iki universitetdə keçirilən beynəlxalq konfranslarda iştirak etmiş, tələbələr üçün təşkil olunmuş esse müsabiqələri, multimedia təqdimatları müsabiqələrinə tələbə hazırlanmışdır. 2024-cü ildə hər iki kafedra əməkdaşlarının birgə müzakirəsi nəticəsində kafedra əməkdaşları üçün ixtisasartırma və təkmilləşdirmə kurslarının keçirilməsi qərara alınıb. Bu məqsədlə Kazan Dövlət Energetika Universitetinin Xarici dillər kafedrasının əməkdaşları Tatarıstan hökümətinə müraciət edərək “Alqarış” qrantını qazanıblar. Qrant proqramı çərçivəsində həmin kafedranın iki əməkdaşı prof. Lutfullina Gulnara və dos. Dmitriyeva Yelena Sumqayıt Dövlət Universitetində “Xarici dillərin tədrisində qabaqcıl texnologiyalar”, “Dərsin təhlilinin psixo-pedaqoji aspektləri”, “Xarici dillərin tədrisində süni intellekt (AI) və Kompüter vasitəsilə öyrənmə (ML)” mövzularında peşə təcrübəsi keçmək üçün 2024-cü ilin oktyabr ayının 1-dən yeddi günlük müddətə SDU-ya dəvət olunublar. Rektor Rüfət Əzizov qonaqlara SDU-nun fəaliyyəti, beynəlxalq əlaqələri və nailiyyətləri barədə məlumat verdi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərindən danışdı və Sumqayıt Dövlət Universitetinin Rusiyanın bir çox ali məktəbləri, o cümlədən Kazan Dövlət Energetika Universiteti ilə uğurla əməkdaşlıq etdiyindən məmnunluğunu bildirdi. Rektor onu da qeyd etdi ki, son illər universitetimizdə təşkil olunan bu cür görüşlər müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində ikitərəfli münasibətlərin uğurlu inkişafına əvəzsiz töhfələr verir. Qonaqpərvərliyə görə rektora təşəkkür edən qonaqlar, KDEU-nun hərtərəfli fəaliyyəti, xarici universitetlərlə əlaqələri barədə məlumat verdilər, Sumqayıt Dövlət Universiteti ilə əlaqələrindən məmnunluq duyduqlarını qeyd edərək, iki universitet arasında münasibətlərin genişləndirilməsində və təcrübə mübadiləsində maraqlı olduqlarını bildirdilər. Sonra qonaqlar SDU-nun Filologiya fakültəsində Xarici dillər kafedrasının təlim, tədris, elmi-tədqiqat işlərinin təşkili ilə tanış oldular. Kafedrada təşkil edilmiş Dəyirmi masada ümumi dilçilik, maşın tərcüməsi, birgə konfrans və vebinarların, tələbə beynəlxalq müsabiqələrinin və s. keçirilməsi, birgə tədqiqatların təşkili məsələlərinin müzakirəsində iştirak ediblər. Həmçinin KDEU-nun əməkdaşları üçün geniş mədəni proqram təklif olunub və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.