Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təlimlərinin yeni V dalğası üçün qeydiyyat başlayır. Oktyabrın 11-də Sumqayıt Dövlət Universitetində AKM –in infosessiyası keçirildi.Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış edərək təlimin vacibliyindən bəhs edərək, bildirdi ki, yaşadığımız informasiya texnologiyaları əsrinin ən böyük problemlərindən biri də kiber təhdidlərdir. Ölkəmizdə bu sahədə ciddi tədbirlər aparılır. Bu kimi kiberhücumlardan qorunmaq üçün belə təlimlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.Təlimdə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin icma meneceri Leyla Kərimli çıxış edərək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi haqqında məlumat verdi. Mərkəzin həyata keçirdiyi layihələrin vacibliyini qeyd edərək, tələbələri aktiv olmağa və AKM-ə qoşulmağa çağırdı.Daha sonra AKM-nin mütəxəssisi Fərzəli Vəliyev təmsil etdiyi mərkəzin fəaliyyəti və mərkəz tərəfindən təşkil olunan sözügedən təlimlərin mahiyyəti və seçim prosesi haqqında təqdimatla çıxış etdi. Bildirdi ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə təsis edilib. Xarici təlimçilər komandası tərəfindən Technion universitetinin təlim proqramına əsasən keçirilən təlimlərdə nəzəri və praktiki biliklər paralel olaraq tədris edilir. Təlimlər 6 ay müddətinə qədər davam edir. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 2 növ mütəxəssis hazırlanır: Red Team və Blue Team. Təlimi uğurla bitirənlərə Technion universitetinin rəsmi sertifikatı veriləcək.Təqdimatda mövcud kibertəhdidlər haqqında geniş məlumat verildi.Təlimçi həmçinin “Purple team” təlimlərinə start verildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, təlimlərin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır.Tədbirin sonunda tələbələr fəallıq nümayiş etdirərək mövzu ilə bağlı AKM-in nümayəndələrinə çoxsaylı suallar verdilər.