Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində şəhid valideynləri ilə görüş keçirilib
Yerləşdirilmə tarixi : 15 Oktyabr 2024 18:28
SDU-da “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində şəhid valideynləri ilə görüş keçirilib
14 oktyabr 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 200-dən çox şəhid valideyni ilə tələbələrin görüşü baş tutub. “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində keçirilən bu tədbir Vətən müharibəsinin 4-cü ildönümündə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və qəhrəman oğullar yetişdirən anaların fədakarlığının gənc nəslə çatdırılması məqsədi daşıyır. Şəhid valideynləri SDU-nun tələbələri ilə birlikdə öncə Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra tədbirin davamı Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında baş tutub. Tədbirdə SDU-nun rektoru, şəhər rəsmiləri, tələbələr və digər qonaqlar iştirak ediblər. Universitetin rektoru dosent Rüfət Əzizov çıxışında bildirib ki, bu cür görüşlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmətin ifadəsidir. O, qeyd edib ki, şəhid anaları övladlarının Vətən uğrunda göstərdikləri igidliyə görə daim qürur duymalıdırlar. Onların övladları gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir və tələbələrimizin bu qəhrəmanlardan dərs alması böyük əhəmiyyət daşıyır.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov tədbirin əsas qonaqlarından biri kimi çıxış edərək, şəhid ailələrinin cəmiyyət üçün xüsusi əhəmiyyətini vurğulayıb və onların övladlarının vətən uğrunda göstərdiyi qəhrəmanlığı bir daha xatırladıb. Tədbirdə çıxış edən Şəhid general Polad Həşimovun anası Səmayə xanım Həşimova şəhid ailələrinin cəmiyyətimizin ən dəyərli üzvləri olduğunu və onların övladlarının qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. O, şəhid analarının göstərdiyi mətanətə və fədakarlığa dərin minnətdarlığını ifadə edərək, bu görüşlərin gənclərə vətənpərvərlik ruhu aşılanmasında böyük rol oynadığını qeyd edib. Görüş zamanı şəhid anaları öz övladlarının qəhrəmanlıqdolu həyat hekayələrini tələbələrlə bölüşüblər. Şəhid anaları oğullarının vətənpərvərlik ruhu ilə böyüdüklərini və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verməkdən çəkinmədiklərini qeyd ediblər. “Mənim oğlum qəhrəmandır” layihəsinin təşkilatçısı Cəlal Qurbanov dörd il ərzində birlik və bərabərlik nümayiş etdirən şəhid ailələri və dövlət nümayəndələrinə öz təşəkkürünü ünvanlayıb.Bu tədbir Sumqayıt Dövlət Universitetinin vətənpərvər tələbələrinin həm milli, həm də mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirib. “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində baş tutan bu görüş şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağını və onların qəhrəmanlıq nümunəsinin gələcək nəsillərə ötürüləcəyini bir daha təsdiqləyib. Sonda şəhidlərimizin valideynləri göstərdikləri xüsusi diqqət və qayğıya görə dövlət başçımıza, Heydər Əliyev Fonduna, tədbirin təşəbbüskarı Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə öz təşəkkürlərini ünvanlayıblar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az