“Gənclərin məşğulluğu və peşə seçimi” adlı layihə çərçivəsində təlim
Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin məşğulluğu və peşə seçimi” adlı layihə çərçivəsində təlim keçirildi.SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova tələbələrin bacarıq və maraqlarına uyğun ixtisas və karyera seçmələrinə dəstək olmaq məqsədilə təşkil olunan layihənin əhəmiyyətindən bəhs etdi. Karyera planlaması zamanı əmək bazarının araşdırılmasının zəruriliyini qeyd edən direktor rəhbərlik etdiyi mərkəzin tələbələri peşəkar iş həyatına hazırlamaq məqsədilə gerçəkləşən layihələr barədə məlumat verdi. Qeyd etdi ki, universitetdə müasir təhsil mühiti bütün tələbələrin, xüsusilə sağlamlığı məhdud və əlilliyi olan tələbələrin əmək bazarının tələblərinə uyğun iş dünyalarının uğurlu təşkilinə dəstəkdir. Buradakı inklüziv təhsil mühiti təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına şərait yaradır. “Gənclərin məşğulluğu və peşə seçimi” adlı layihənin rəhbəri Suad Babayev təlimin ikinci mərhələsinin keçirildiyini xatırladaraq, təlimin məqsədindən danışdı. Bildirdi ki, təlimin keçirilməsində məqsəd gənclərə karyera planlamasına istiqamət vermək və peşə seçimində dəstək olmaqdır. Sonra təlimçi Fədai Mərdanlı iştirakçılara karyera planlaması və onun üstünlükləri, düzgün ixtisas-peşə seçimi, gənclərin məşğulluğu kimi mövzular barədə məlumat verərək onların suallarını cavablandırdı.Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.