Oktyabrın 18-də Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə elmi-nəzəri konfrans keçirildi.Əvvəlcə ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq Azərbaycan dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışdı. 1918-ci ildə öz dövlət müstəqilliyini elan edən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də imzalanan konstitusiya aktı ilə özünün müstəqilliyini yenidən bərpa etdiyini bildirən dekan onu da vurğuladı ki, XX əsrdə iki dəfə müstəqilliyini elan edən xalqımız onu əldə etmək qədər qoruyub saxlamaq üçün də çətin sınaqlardan keçdi. Ona görə də müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan əsl müstəqilliyə 30 il davam edən gərgin mübarizədən sonra Şanlı Zəfərə nail oldu. Bununla da Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Tədbirdə müstəqillik tariximizdən bəhs edən videoçarx nümayiş olundu. Sonra Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” adlı məruzə ilə çıxış etdi. Məruzə ətrafında Tarix, coğrafiya və metodika kafedrasının müdiri dosent Sona Məhərrəmova “15 iyun 1993-cü il - Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov “Müstəqilliyimizin İlham Əliyev mərhələsi” mövzularında çıxış edərək 18 Oktyabr tarixinin Azərbaycanın ən şanlı səhifələrindən biri olduğunu, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini diqqətə çatdırdılar. Qeyd etdilər ki, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır. Bu gün böyük şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimiz daha da möhkəmləndi, ölkəmiz siyasi, iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildi. Möhtəşəm uğurlara imza atan, tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!