Oktyabrın 18-də Sumqayıt Dövlət Universiteti (SDU) Mükəmməllik Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin tələbələrindən ibarət "Debat klubu" yeni tədris ilində ilk təqdimatını etdi. Tədbiri açan klubun sədri Günay Ramazanova SDU-da bakalavr təhsili aldığı müddətdən “Debat Klubu”nun üzvü olduğunu, hazırda Mühəndislik fakültəsinin magistratura pilləsi üzrə birinci kursunda oxuduğunu, yeni tədris ilinin başlanğıcından Klubun sədri seçildiyini xatırlatdı. İlk debat-şousunun İcbari tibbi sığorta mövzusuna həsr olunacağı vurğulanaraq söz Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayevə verildi. Əli Rzayev rəhbərlik etdiyi Mərkəzin yaranma tarixi və təsisatı zərurətindən danışdı. Universitetdə müxtəlif tələbə klublarının müsbət tərəflərindən söz açan Mərkəz direktoru cari tədris ilində onlardan yeni layihələr gözlənildiyini dilə gətirdi. Daha sonra Klubun naliyyətlətləri barədə videoçarx nümayiş etdirildi və "Debat Klubu"nun yeni üzvlərinin də iştirakı ilə təqdim olunan mövzu üzrə debat-şou başladı. Debat bir çox ümumrespublika turnirlərində universiteti layiqincə təmsil edən "İstiqlal" və "Maksimalist" kamandaları arasında baş tutdu. Onların çıxışları və çarpaz formatında sualları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Əvvəlcə komanda spikerlərinin çıxışı barədə debatçılar öz düşüncələrini bölüşdülər, ardınca məntiqəuyğun təkliflər səsləndirildi. Gənclər debat klubuna üzv olaraq natiqlik, araşdırma, yüksək səviyyəli ünsiyyətqurma bacarıqlarını inkişaf etdirə biləcəklərini əyani formada göstərdilər. Müzakirədə iştirak edən "İstiqlal"və "Maksimalist" komandalarının spikerləri Günay Ramazova və Musa Əhmədov mövzu ətrafında mülahizələrini onlara ayrılan vaxt müddətində komandaları və tamaşaçılarla bölüşdülər. Bunlardan sonra hər bir spikerə oponentlik edən qarşı tərəfin nöqteyi-nəzəri dinlənildi. Bir saata yaxın davam edən debatda tamaşaçılar mövzu ətrafında kifayət qədər maarifləndirici məlumatlandırıldılar.