"Karyera Həftəsi" çərçivəsində “İqlim dəyişiklikləri və qida təhlükəsizliyi: İnnovativ texnologiyaların istifadəsində beynəlxalq əməkdaşlığın rolu” mövzusunda növbəti seminar keçirildi. Seminarı Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Könül Abaslı açaraq seminarın aktual məsələyə həsr olunduğunu bildirdi. Yaponiyanın Mie Universitetinin Bioresurslar İnstitutunun professoru, 2006-2018-ci illərdə Mərkəzi Asiya və Qafqaz üzrə ICBA (Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin) regional koordinatoru Kristina Toderik “Aral-Xəzər regionunun quru ərazilərində su ehtiyatlarından istifadənin səmərəliliyinin və torpağın şoranlaşmasının ərzaq təhlükəsizliyinə təsirinin monitorinqi və nəzarəti üçün iqlimə davamlı texnologiyalar” mövzusunda çıxış edərək iqlim dəyişikliyi və ekoloji problemlər, onların yaranma səbəbləri, nəticələri və həlli yolları barədə məlumat verdi. İPBES- Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökümətlərarası elmi siyasət platforması Avropa və Mərkəzi Asiya regionu qiymətləndirilməsi üzrə aparıcı mütəxəssis, akademik Validə Əlizadə çıxış edərək COP29 ərəfəsində belə seminarın təşkilini yüksək qiymətləndirdi və iqlim dəyişikliklərinin kənd təsərrüfatı və qida istehsalına təsirindən, eyni zamanda, müasir innovativ texnologiyaların bu sahələrdəki rolundan danışdı. O, qida təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı. Sonda iştirakçıların sualları cavablandırıldı və seminar müzakirələrlə davam etdi.