25 oktyabr tarixində Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində elm-təhsil-istehsal əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması ilə bağlı işlərə start verildi. Bu istiqamətdə fakültədə layihə komandalarının qurulması, elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması üzrə təlimlərin keçirilməsi və təklif olunacaq layihələrin müzakirəsinə dair ilkin addımlar müzakirə edildi.Müzakirə zamanı elmi tədqiqat mövzularının düzgün seçiminə diqqət yetirilməsi, layihələrin idarə edilməsi üçün prosedur və metodologiyaların izahı, bilik və bacarıqların artırılması kimi mövzulara toxunuldu. Eyni zamanda, təcrübədə tətbiq edilə biləcək məsələlərin həlli istiqamətində mövcud təcrübəsi olan fakültə tələbələri - Çoşqun Balayev, Rövnəq Nadirov, Cavid Zülfiyev və Yəhya İsmayılov tərəfindən məsələlər ətraflı şərh edildi. Elmi tədqiqat işlərinin kommersiyalaşdırılması ilə bağlı fakültənin dekan əvəzi dosent Loğman Abdullayev və Biznesin idarə edilməsi kafedrasının baş müəllimi Zülfiyyə Hacıyeva tərəfindən ətraflı məlumat verildi. Toplantıda həmçinin vurğulandı ki, universitetlərin nüfuzu aparılan elmi-tədqiqat işlərinin miqdarı və keyfiyyəti ilə də ölçülür. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində elm-təhsil-istehsal əlaqələrinin inkişafı ilə bağlı mühüm işlər həyata keçirilir.