Oktyabrın 26-da Sumqayıt Dövlət Dram Teatrında "Baş rolda: Gənclik!" layihəsinin təqdimat mərasimi keçirildi. “İdeyanı Reallaşdır - 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant müsabiqəsinin qalibi olan SDU-nun II kurs magistrantı Ayşə Əmrahovanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən bu layihə SDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlığı ilə baş tutub.Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Açılış nitqi ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov gənclərin belə layihələrdə fəal iştirakının vacibliyini vurğuladı və qeyd etdi ki, müasir təhsil yalnız bilik ötürməklə kifayətlənməyib, həmçinin gəncləri yaradıcılığa və ictimai həyatda aktiv olmağa təşviq etməlidir.Daha sonra M.F.Axundzadə və H.B.Zərdabinin əsərləri və məktublaşmalarından ilhamlanaraq hazırlanan "Hekayəti Vəkili Milləti-Naməlum" adlı səhnə əsəri nümayiş olundu. Bu tamaşa, Azərbaycan maarifçiliyinin qabaqcılları olan Axundzadə və Zərdabinin xalqın tərəqqisi uğrunda apardıqları mübarizəni səhnəyə daşıyaraq, gənclərə milli və mədəni dəyərlərimizin qorunmasının əhəmiyyətini anladır.Tamaşada Azərbaycan cəmiyyətində maarifçilik fikirlərinin formalaşması, elmin inkişafı və xurafata qarşı mübarizə kimi mövzular ətraflı şəkildə işıqlandırıldı.Sonda layihədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim edildi və tədbir xatirə fotosu ilə yekunlaşdı.Qeyd edək ki, layihə müddətində SDU-dan ümumilikdə 94 tələbə təlimlərdə iştirak etmiş, onlardan 70-i sertifikatla təltif olunmuş, 25 tələbə isə xüsusi fəallığı ilə seçilmişdir.