Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa təşkil olundu. Tədbirdə mərkəzin məsul şəxsi Aytəkin Məmmədova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzlu, Psixoloji Xidmət Mərkəzinin psixoloqları və bir qrup tələbə iştirak etdi.Görüş zamanı İnklüziv Təhsil Mərkəzi tərəfindən tələbələrə göstərilən dəstək xidmətləri, onların təhsil prosesi boyunca qarşılaşdığı çətinliklər və bu çətinliklərin həlli istiqamətində atılan addımlar müzakirə olundu. Həmçinin, mərkəzin fəaliyyətində könüllü tələbələrin iştirakının artırılması və inklüziv təhsil sahəsində yeni təşəbbüslərin inkişaf etdirilməsi kimi məsələlərə də toxunuldu.Mərkəzin məsul şəxsi Aytəkin Məmmədova inklüziv təhsil sahəsində tələbələr üçün yaradılan dəstək imkanlarının genişləndirilməsi üçün davamlı fəaliyyətin əhəmiyyətini vurğuladı və tələbələrin suallarını cavablandırdı. Görüş tələbələrin aktiv iştirakı və təklifləri ilə dəyərli fikir mübadilələri şəklində davam etdi.