Oktyabrın 24 –də Sumqayıt Dövlət Universitetində keçirilən “Karyera Həftəsi”ndə Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində IB MYP proqramı üzrə təhsil alan 5-ci və 6-cı sinif şagirdlərinin fəal iştirakı yadda qaldı. Şagirdlər sərgidə iki fərqli stendlə təmsil olunaraq layihələrini nümayiş etdirdilər.Birinci stend IB proqramı haqqında məlumatdan və onun fərqli mərhələləri – PYP, MYP və DP proqramlarından ibarət idi. Bu stend vasitəsilə qonaqlara beynəlxalq təhsilin vacibliyi və bu proqramların inkişafetdirici cəhətləri haqqında məlumat verildi.İkinci stend isə Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə hazırlanan Eko-şəhər modeli ilə diqqət çəkdi. Bu model, Xəzər Universiteti Sumqayıt Dünya Məktəbinin 5-ci sinif şagirdlərinin su, külək və günəş enerjisi kimi alternativ enerji mənbələrini tədqiq və təhlil edərək hazırladıqları bir layihə idi. Layihə vasitəsilə şagirdlər bərpa olunan enerji mənbələrinin əhəmiyyətini, onların şəhərlərin gələcək inkişafı üçün nə qədər vacib olduğunu göstərdilər. Bu model, şəhərin inkişaf perspektivlərinə uyğun olaraq ekoloji və dayanıqlı yanaşmaları təşviq edərək böyük maraq topladı.Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə əsaslanan bu sərgi, Xəzər Universiteti Sumqayıt Dünya Məktəbi şagirdlərinin həm yaradıcılıq, həm də analitik bacarıqlarını nümayiş etdirmək, dayanıqlı inkişaf və peşə seçimi barədə düşüncələrini paylaşmaq üçün əvəzolunmaz bir təcrübə oldu.