Oktyabırın 31-də Sumqayıt Dövlət Universitetində "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tərbirlər Planına əsasən “Sağlam gələcək naminə narkomaniyaya yox deyək "adlı maarifləndirici tədbir keçirildi. Tədbiri SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq narkotik vasitələrin daha çox gənclər arasında sürətlə yayılması təhlükəsinin qarşısının alınması üçün belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini qeyd edərək XXI əsrin bəlası olan narkomaniya barədə tələbə gənclərə öz tövsiyələrini verdi, onları zərərli vərdişlərdən uzaq durmağa çağırdı. Dekan gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmanla məşğul olmaları üçün Sumqayıt Dövlət Universitetində əlverişli şəraitin yaradıldığını, bu da onların zərərli vərdişlərdən uzaq olmaları üçün vacib amil olduğunu vurğuladı. Sonra Təbiət elmləri fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi İlhamə Şammədova “Narkomaniyanın insan sağlamlığında törətdiyi fəsadlar” mövzusunda çıxış edərək “ağ ölüm” kimi tanınan narkotik vasitələrin zərərindən, asılılığından, həmçinin narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışdı, gənclərin bu zərərli vərdişin qarşısının alınmasında rolundan bəhs etdi. Tarix və coğrafiya fakültəsinin tələbələri Şamil Babayev “Narkomaniya sosial bəladır”, Mərdan Hüseynov “Gəncliyimiz və gələcəyimiz üçün ciddi təhlükə-zərərli vərdişlər” mövzularında çıxış etdilər. Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı.