Hər il dünyanın ən parlaq tələbə proqramçıları ICPC dünya finalında ən yüksək səviyyədə yarışmaq üçün bir araya gəlir. Dünyanın müxtəlif yerlərində təşkil edilən və tələbələrin gələcək karyeraları üçün böyük imkanlar yaradan bu mötəbər yarış, tələbələrin hədəflərini böyütməsinə və proqramlaşdırma sahəsində bilik və bacarıqlarını beynəlxalq arenada göstərməsinə şərait yaradır. ICPC dünya finalı eyni zamanda universitetlər və regionlar üçün də mühüm bir təmsil imkanıdır.
Sumqayıt Dövlət Universiteti tarixində ilk dəfə olaraq bu möhtəşəm yarışın yarımfinal mərhələsində təmsil olunacaq. İqtisadiyyat və idarəetmə fakültəsinin istedadlı tələbələri – 752 saylı qrupun tələbəsi Rövnəq Nadirov və 763 saylı qrupun tələbəsi Coşqun Babayev – ICPC-nin Qafqaz regionu üzrə mərhələsini uğurla keçərək yarımfinala yüksəlməyə nail olublar. Bu böyük nailiyyət, universitetimiz üçün önəmli bir mərhələ olmaqla yanaşı, tələbələrimizin beynəlxalq səviyyədəki gücünü bir daha sübut edir. Bu uğur yalnız Rövnəq və Coşqun üçün deyil, bütün universitetimiz üçün də böyük bir qürur mənbəyidir. Onların bu səviyyədəki uğuru, gələcək tələbələrimizə ilham verməklə yanaşı, universitetimizin proqramlaşdırma sahəsindəki potensialını da ortaya qoyur. Rövnəq və Coşquna ICPC-in yarımfinalında uğurlar arzulayır və onlarla fəxr etdiyimizi bildiririk.