Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri yaşıl enerji sahəsində dəyərli elmi tədqiqatlarla beynəlxalq səviyyədə nailiyyətlər əldə ediblər. COP29 konfransı çərçivəsində SDU-nun Biznesin idarə edilməsi kafedrasının professoru Şəfa Əliyevin rəhbərliyi ilə 750-ci qrup tələbələri – Ayidə Dəmirova, Sevinc Məhərrəmova, Zeynəb Sadıqzadə, Aqşin Əliyev və Fərid Quluyevin – “Azərbaycanda enerji sektorunun diversifikasiyalaşdırılması və yaşıl enerji infrastrukturunun genişləndirilməsi istiqamətləri” (“Directions of energy sector diversification and green energy infrastructure expansion in Azerbaijan”) mövzusundakı birgə məqalələri 5-6 oktyabr 2024-cü il tarixlərində Böyük Britaniyada, Mançester şəhərində keçirilən Beynəlxalq Elmi-Praktiki Konfransın materiallarında dərc olunub. Bu məqalədə tələbələr Azərbaycanın enerji sektorunun diversifikasiyası və yaşıl enerji infrastrukturunun genişləndirilməsi mövzusunu əhatəli şəkildə araşdıraraq müxtəlif həll yolları və inkişaf istiqamətlərini təklif ediblər. Məqalədə, universitetdə keçirilən “Azərbaycan iqtisadiyyatı” fənni çərçivəsindəki mühazirə və müzakirələr zamanı formalaşan təkliflərdən də istifadə edilib. Gələcəyin iqtisadçı və idarəetmə mütəxəssisləri olan tələbələr enerji təhlükəsizliyi və ekoloji davamlılıq kimi vacib məsələləri öyrənərək bu sahədə elmi fəaliyyətlərini beynəlxalq aləmə çatdırmağa müvəffəq olublar. Qlobal əhəmiyyət daşıyan yaşıl enerji mövzusunda əhəmiyyətli araşdırmaları təqdim edən tələbələrimiz Böyük Britaniyadakı bu mötəbər konfransın təşkilatçıları tərəfindən 8 noyabr tarixində xüsusi sertifikatlarla təltif ediliblər. Onların uğurları həm SDU-nun təhsil keyfiyyətinin göstəricisi, həm də Azərbaycan gəncliyinin beynəlxalq elmi müstəvidə söz sahibi olduğunun bariz nümunəsidir. SDU olaraq, tələbələrimizin bu uğuruna sevinir və onların gələcək elmi fəaliyyətlərində daim dəstək olmağa davam edəcəyik. Bu kimi nailiyyətlər universitetimizin qlobal akademik şəbəkədə nüfuzunu daha da artıraraq, tələbə və müəllim kollektivinin beynəlxalq platformalarda daha geniş şəkildə təmsil olunmasına təkan verir.