Sumqayıt Dövlət Universitetinin (SDU) beynəlmiləlləşmə üzrə inkişaf strategiyasına uyğun olaraq yeni akademik tərəfdaşlıq əlaqələri qurulmaqda, qarşılıqlı səfərlər və birgə layihələr həyata keçirilməkdədir. Bu çərçivədə 7-8 noyabr 2024-cü il tarixlərində SDU-nun Mühəndislik fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları kafedrasının dosenti Svetlana Əhmədova X. Dosmuxamedov adına Atırau Dövlət Universitetinə ezam olunmuşdur. Ezamiyyət zamanı Svetlana Əhmədova Atırau Universitetinin Fizika, Riyaziyyat və İnformasiya texnologiyaları fakültəsinin İnformatika kafedrasının laboratoriyaları ilə tanış olmuş, ardından “İnsan-kompüter qarşılıqlı əlaqəsinin psixoloji xüsusiyyətləri” mövzusunda mühazirə oxuyaraq iştirakçıların suallarını cavablandırmışdır. Səfər çərçivəsində fakültənin təşkilatçılığı ilə Qızatolla İmaşoviç İmaşevin xatirəsinə həsr olunmuş “Müasir təhsil məkanında fizika-riyaziyyat elmlərinin rolu” adlı VII Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Rusiya və digər ölkələrdən olan alimlər iştirak etmişdir. Tədbirdən əvvəl iştirakçılar Atırau Dövlət Universitetinin rektoru Salamat İdrisov ilə görüşmüş, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Konfransın proqramına uyğun olaraq keçirilən plenar iclasda Svetlana Əhmədova “Dördüncü sənaye inqilabının inkişafında süni intellektin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Konfrans 3 bölmə üzrə fəaliyyət göstərmişdir və Svetlana Əhmədova “Süni intellekt və İT: effektiv istehsala aparan yol” adlı II bölmədə moderatorluq etmişdir. Bu səfər SDU-nun beynəlmiləlləşmə strategiyasına töhfə verməklə yanaşı, tərəfdaş universitetlərlə akademik və elmi əlaqələrin daha da genişlənməsinə şərait yaratmışdır.