Noyabr ayının  3-də Böyük Britaniyanın Azərbaycandakı “British Council” nümayəndəliyi Hilton  otelində Birləşmiş Krallıq  və  Azərbaycanın Ali Təhsil Müəssisələri arasında potensial əməkdaşlıq əlaqələrinin  qurulmasına dair görüş keçirilmişdir.
  Görüşü giriş  sözü ilə Britaniya Şurasının Azərbaycandakı ofisinin direktoru Elizabet Uayt  açaraq qonaqları salamlamış, Britaniya Şurasının Azərbaycanda fəaliyyəti  barədə məlumat vermişdir.
  Görüşdə çıxış  edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Ali Təhsil  Departamentinin baş məsləhətçisi İlham Hümmətov, Azərbaycan Universitetlərinin  beynəlxalq proqramlarda iştirakından danışaraq   bildirdi ki, Azərbaycanda təhsilin və elmin dünya səviyyəsinə çıxması,  rəqabət üçün belə tədbirlərin keçirilməsi, beynəlxalq əlaqələrin yaradılması  çox vacib məsələlərdəndir.
  Görüşün  ikinci  hissəsində qeyd olundu ki, bu  tədbirdə Böyük  Britaniyadan 20 və  Azərbaycandan  da 20  aparıcı universitet iştirak edir. Əsas məqsəd  Birləşmiş Krallığın  və Azərbaycan Ali  Təhsil Müəssisələrinin  nümayəndələrini  bir yerə toplamaqla  əməkdaşlıq  imkanlarını müzakirə etməkdir. Yəni ortaq maraqları öyrənmək, gələcək  əməkdaşlıq imkanlarının qurulması  üçün  məlumatların mübadiləsini  təşkil  etməkdir.
  Bu görüşdə  Azərbaycanı təmsil edən  universitetlər  arasında Sumqayıt Dövlət Universiteti də   iştirak edirdi.
  Sumqayıt  Dövlət Universitetinin bir neçə Britaniya universitetləri  ilə gələcək əməkdaşlığının qurulması üçün  danışıqlar zamanı aşağıdakı məsələlərə   önəm verilmişdir.
  Bakalavr,  magistr  və fəlsəfə doktoru hazırlığı  üzrə əlaqələrin qurulması, ayrı-ayrı ixtisaslar üzrə distant təhsilin alınması,  həmin universitetlərin internet resurslarının istifadəsi və birgə elmi -tədqiqat  işlərinin aparılması müzakirə olunmuşdur.
  Görüş  tanışlıq məqsədi daşıyırdı. Qeyd etdiklərimizlə yanaşı olaraq, Birləşmiş  Krallıq  və Azərbaycan universitetləri  arasında tələbə mübadiləsi , iki dərəcəli diplomların tanınması üçün  istiqamətlənən tədris planlarının təşkili, professor –müəllim heyətinin də  mübadiləsi nəzərdə tutulur.
  Görüşdə  SDU-nun “Xarici dil (humanitar ixtisaslar üzrə)” kafedrasının müdiri,  filologiya elmləri doktoru, dosent Nigar İsgəndərova , “Əcnəbi tələbələrin  Hazırlıq Mərkəzinin” müdiri Südabə Məmmədova və “Beynəlxalq Əməkdaşlıq”  şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak etmişdir.
Mətbuat xidməti