SDU-nun 2024-cü ildə 10 əsas nailiyyəti
2024-cü il Sumqayıt Dövlət Universiteti (SDU) üçün əlamətdar bir il olmuşdur. Universitet, beynəlxalq əməkdaşlıqdan tutmuş akademik nəticələrə qədər bir çox sahədə mühüm uğurlara imza atmışdır. SDU-nun rektoru Rüfət Əzizov bu nailiyyətləri şərh edərək, onların əldə olunmasına təsir edən əsas amilləri vurğulamışdır. Rektorun sözlərinə görə, SDU-nun Sumqayıtda yerləşməsi universiteti sənaye və iş dünyasına daha da yaxınlaşdırır. Bu, şəhərin sənaye potensialından və əlverişli mühitindən yararlanmaq imkanı verir. Sumqayıt şəhər icra hakimiyyətinin dəstəyi ilə universitetə gələn xarici professorlar və qonaqlarla təşkil olunan yüksək səviyyəli görüşlər SDU-nun beynəlxalq nüfuzunu artırmışdır. Şəhərdəki dövlət və özəl qurumların davamlı dəstəyi, tələbələr üçün təcrübə proqramlarının təşkili və tədrisə sənayedən peşəkarların cəlb olunması universitetin inkişafına mühüm töhfə vermişdir. SDU-nun 2024-cü ildə qazandığı uğurları yüksək qiymətləndirən rektor Rüfət Əzizov, bu nailiyyətlərdən ən parlaq onunu xüsusi olaraq təqdim etmişdir:
1. Rektor ilk olaraq, Sumqayıtın məhz 75 illik yubileyində SDU-nun beynəlxalq arenada əldə etdiyi uğurun, həm şəhər, həm də universitet üçün böyük bir əlamətdar hadisə olduğunu qeyd etmişdir. Daha sonra, universitetin Avropada yerləşən 5000-dən çox universitet arasında QS Avropa Universitetləri Reytinqində 483-cü sırada yer aldığını vurğulayan rektor, bu nəticənin, Qərbi Asiya universitetləri arasında 31-ci, Azərbaycan daxilində ümumi sıralamada 5-ci yer olduğunu əlavə etmişdir. Rektor bildirmişdir ki, bu reytinqə daxil olan ilk regional ali təhsil müəssisəsi olaraq SDU-nun zirvəyə yüksəlməsi, universitetin tarixindəki ən möhtəşəm və qürurverici anlardan biridir.
2. SDU-nun Oxford Universiteti ilə əməkdaşlığının ilin ikinci mühüm hadisəsi olduğunu vurğulayan Rüfət Əzizov, cənab prezident İlham Əliyevin təşəbbüsü ilə bu il ölkəmizdə keçirilən COP29-da SDU-nun aktiv iştirakını xüsusi olaraq, qeyd etmişdir. Rektor, bu məqsədlə, SDU-nun Oxford Universiteti ilə iki mühüm layihə həyata keçirdiyini bildirmişdir. Bunlardan birinin “İqlim Dəyişikliyi Məktəbi” olduğunu, bu layihə çərçivəsində Oxford Universitetinin professorlarının SDU-ya gəldiyini və burada 30-a yaxın sənaye və ali təhsil müəssisələrindən olan mütəxəssislərə təlimlər keçdiklərini qeyd etmişdir. İkinci layihənin isə “İqlim Dəyişikliyi Problemləri” layihə yarışması olduğunu, bu yarışmaya 58 ölkədən 1035 layihə təqdim edildiyini vurğulayan rektor, layihənin final mərhələsinin COP29 çərçivəsində Bakıda keçirildiyini və qaliblərin birgə mükafatlandırıldığını əlavə etmişdir. Bir neçə ay ərzində SDU-nun loqosunun Oxford ilə birgə müxtəlif sosial şəbəkələrdə və yerli və beynəlxalq mediada yer almasının sevindirici və qürurverici olduğunu qeyd etmişdir.
3. Rektor qeyd etmişdir ki, üçüncü vacib hadisə yeni məzmunlu proqramların təqdim olunmasıdır. O, SDU-nun ilk dəfə olaraq SABAH qruplarının açılmasına nail olduğunu vurğulamış, 3 magistratura və 1 bakalavr səviyyəsində SABAH qruplarının təşkil edildiyini bildirərək, bu qrupların yeni məzmun və tədrisin keyfiyyəti baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir. Rektor, bu proqramların artıq hiss edilməyə başlandığını və SABAH qruplarının artmasının SDU-ya yüksək bal toplayan tələbələrin qəbulunu təşviq edəcəyini söyləmişdir. Eyni zamanda, ingilis dilində iki ixtisas üzrə tədrisin başlanması və ilk dəfə 3 MBA proqramının start götürməsi barədə də məlumat vermişdir.
4. Rektor dördüncü vacib hadisənin özəl sektorun dəstəyi olduğunu qeyd etmişdir. O, BP şirkəti ilə birgə yeni məzmunlu Kimya Mühəndisliyi magistratura proqramının təşkil edildiyini və SDU-ya ilk dəfə olaraq, laboratoriyaların qurulması üçün BP şirkətindən 340 min AZN maliyyə dəstəyi alındığını vurğulamışdır. Rektor, artıq 5 laboratoriyanın yenilənməsinə başlanıldığını bildirmişdir. Eyni zamanda, Kapital Bankın dəstəyi ilə 2 kompüter laboratoriyasının (45 kompüter alınıb) yeniləndiyini və SOCAR Polimer, STP, Azərkimya, Nobel Enerji şirkətlərinin SDU-da müxtəlif tədbirlərin təşkilində dəstək verdiyini əlavə etmişdir.
5. Rektor beşinci vacib hadisənin STP ilə əlaqələrin genişlənməsi olduğunu ifadə etmişdir. O, ilk dəfə olaraq sənayedən təlimlər keçməklə bağlı sifariş aldıqlarını və 200-dən çox yeni məzuna əməkdaşlarının təlim keçdiyini bildirmişdir. Rektor, SDU müəllimlərinin STP istehsal xəttləri və onların texniki göstəriciləri ilə yaxından tanış olduqlarını qeyd etmişdir. Hazırda "mövzu əsaslı" tədris ilə bağlı pilot layihəyə hazırlaşdıqlarını əlavə etmişdir. Həmçinin, il ərzində STP-nin müxtəlif tədbirlərinin keçirilməsində maliyyə dəstəyini əsirgəmədiyini vurğulamışdır.
6. Rektor altıncı vacib hadisənin qəbul nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması olduğunu bildirmişdir. O, tələbə sayının 6500 nəfərə yaxınlaşdığını, 500-dən artıq bal toplayıb SDU-ya qəbul olanların sayısının 20 dəfə artdığını və 400-dən artıq bal toplayanların sayısının 4 dəfədən çox qalxaraq 206 nəfər təşkil etdiyini qeyd etmişdir. Həmçinin, 600-dən artıq bal toplayan tələbələrin belə SDU-nu seçdiklərini vurğulamışdır.
7. Yeddinci vacib hadisə olaraq, rektor SDU-da elmin inkişafını qeyd etmişdir. O, elmin təşviqi və davamlı təlimlər nəticəsində il ərzində impakt faktorlu jurnallarda çap olunan məqalə sayısının 46 olduğunu və bu nəticənin keçən ildən 35% çox olduğunu bildirmişdir. Rektor, bu sürətli dinamikanın gələcəkdə daha çox məqalə və beynəlxalq reytinqlərdə güclənmə ilə nəticələnəcəyini qeyd etmişdir.
8. Səkkizinci hadisə olaraq, rektor tələbə və müəllimlərin beynəlxalq mobililiyini vurğulamışdır. O, bu il tədris vaxtı hər həftə Türkiyədən, əsasən də Orta Doğu Texnik Universitetindən, SDU-ya müəllimlərin gəldiyini və tələbələrə innovasiyalar ilə bağlı layihə əsaslı təlimlər keçdiklərini qeyd etmişdir. Rektor, tələbələrin Türkiyədə bir semesterlik təhsil aldıqlarını və Rusiyanın 10 universitetindən qonaq tələbələrin qısa müddətli kurslara qatıldıqlarını bildirmişdir. O, həmçinin, SDU müəllimləri və əməkdaşlarının 20-dən artıq ölkədə konfrans, sərgi, mühazirə, müsabiqə və təlimlərdə iştirak etdiyini, beynəlxalq qrant müraciətləri və elmi nəşrlərin artdığını, 12 xarici universitet ilə müqavilələr imzalandığını və birgə layihələrin icra olunduğunu qeyd etmişdir. Qardaş Qazaxıstan və Özbəkistanla əlaqələrin inkişafını xüsusilə vurğulamışdır.
9. Doqquzuncu hadisə olaraq, rektor əcnəbi tələbələr ilə bağlı müsbət dəyişiklikləri qeyd etmişdir. O, əcnəbi tələbələrin sayının təxminən 2 dəfə artaraq 46-ya çatdığını, yeni ölkələrdən tələbələrin cəlb edildiyini və ilk dəfə olaraq əcnəbi tələbələr üçün təqaüd proqramının elan olunduğunu bildirmişdir. Eyni zamanda, ingilis dilində tədrisə başlanıldığını da əlavə etmişdir.
10. Onuncu vacib hadisə isə daxili məsələlərə aiddir. Rektor məzmun yenilənməsi, tədris planlarının optimallaşdırılması və struktur yenilənməsinin sürətli şəkildə həyata keçirildiyini qeyd etmişdir. O, əməkdaşların potensialını üzə çıxardıq və yeni əməkdaşlar cəlb etdiklərini, maaşları ortalama 20% artırdıqlarını bildirmişdir. Tələbələrə yönəlik fəaliyyətlərin artırıldığını, SDU-da tələbə yönümlü mühitin yaradılmasına başlanıldığını və Mükəmməllik Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi və çox saylı tələbə klublarının bu fəaliyyətlərə daxil olduğunu vurğulamışdır. Bu nailiyyətlər SDU-nun gələcək inkişafı üçün möhkəm təməl yaratmışdır. Rektorun sözlərinə görə, Sumqayıt Dövlət Universiteti həm elmi, həm də təhsil sahəsində daha böyük uğurlara imza atmaq üçün fəaliyyətlərini genişləndirəcək. İcra edilən layihələr və qurulan beynəlxalq əlaqələr SDU-nun Azərbaycan təhsil sistemində aparıcı mövqeyini möhkəmləndirir. Bu uğurların davamlı olması üçün universitet, sənaye tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlığını genişləndirməkdə qərarlıdır.