Yanvarın 6-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin və Psixoloji xidmət mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 3 və 10 saylı orta məktəblərində "Bullinqlə necə mübarizə aparmalı?" adlı maarifləndirici seminar keçirilib. Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova seminarı açaraq bullinqin qarşısının alınmasında valideynlər, müəllimlər və şagirdlər arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, seminarın əsas məqsədi məktəblərdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi və təhsilalanların fiziki və psixoloji zorakılıq hallarından qorunmasına kömək göstərməkdir. Sonra kafedranın dosenti Şahnaz Quliyeva “Bullinq və bullinqə məruz qalanlar”, müəllim Rima Əyyubova “Bullinqlə mübarizə üsulları” mövzularında çıxış ediblər. Seminarda iştirakçılara bullinqin müxtəlif formaları, onun şagirdlər üzərində yaratdığı mənfi təsirlər və bu məsələyə qarşı effektiv mübarizə metodları haqqında ətraflı məlumat verilib. İnteraktiv formada davam edən seminarda mövzuya dair müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.