XX əsrin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş məzun şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzüblər. Sonra iştirakçılar universitetin foyesində qurulan fotosərgiyə baxış keçiriblər. Akt zalında davam edən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Faciənin mahiyyəti və onu doğuran səbəblər barədə çıxış edən rektor Rüfət Əzizov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermiş hadisələri xatırladaraq, Azərbaycanın suverenliyi və azadlığı uğrunda mübarizə aparan dinc sakinlərə qarşı törədilən cinayətlərdən bəhs edib. O, 20 Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olduğunu və bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. Rüfət Əzizov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı zəfərlə üçrəngli bayrağımızın bu gün Qarabağda, Şuşada, müstəqil və güclü ölkəmizin hər yerində dalğalandığını diqqətə çatdırıb.Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında həmin kafedranın müəllimi Ceyhun Qasımbəyli “20 Yanvar müstəqillik uğrunda mübarizənin zirvəsidir”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Zahid Bünyadov “Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi siyasi qiymət” mövzularında çıxış edərək Qanlı Yanvar hadisələrinə gətirib çıxaran proseslərdən və xalqın qəhrəmanlığından bəhs ediblər.