Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ölkəmiz mədəniyyətlərin və sivlizasiyaların məskənidir
Yerləşdirilmə tarixi : 03 Mart 2016 00:00
Ölkəmiz mədəniyyətlərin və sivlizasiyaların məskənidir

Martın 3-də Sumqayıt Dövlət Universitetində "Heydər Əliyev Məktəbin"də növbəti "Heydər Əliyev və Azərbaycan Multikulturalizmi" mövzusunda dərs keçirildi.
Seminarda universitetin rektoru, professor Elxan Hüseynov "Müasir Azərbaycan multikulturalizmi dünyaya nümunədir" mövzusu ilə çıxış edərək qeyd etdi ki, aktuallığı ilə cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsrlər boyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq, qardaşlıq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. İndi də Azərbaycanda müxtəlif dini və etnik qruplar sülh şəraitində birgə yaşayırlar və tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb. Tolerantlıq ölkəmizdə həm də dövlət siyasəti səviyyəsində həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi cənab Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Qeyd edək ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır.
Rektor onu da bildirdi ki, Prezident cənab İlham Əliyev tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq, 2016-cı ilin respublikada "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır: "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətlərin real ifadəsidir".Rektor Elxan Hüseynov vurğuladı ki, bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır.Bir ölkədə yaşayıb müxtəlif xalqları təmsil edənlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasət kimi anlaşılan multikulturalizm bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı deməkdir.
Bu gün xarici ölkə universitetlərində "Azərbaycan Multikulturalizmi" fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə ikitərəfli danışıqlar apardı, qarşılıqlı əməkdaşlıq protokolları imzalandı. Bunun nəticəsində ötən ilin birinci yarısında 7 nüfuzlu ali məktəbdə "Azərbaycan multikulturalizmi" fənni tədris olunmağa başlandı. Sumqayıt Dövlət Universitetində bakalavriat və magistratura səviyyələri üzrə təsdiq edilmiş ixtisaslar üzrə tədris planlarına uyğun olaraq Multikulturalizm fənni bakalavriat səviyyəsində "Multikulturalizmə giriş" və magistratura səviyyəsində isə "Azərbaycan multikulturalizmi" tədris olunur. İstər xarici, istərsə də ölkədaxili universitetlərdə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərini tədris edəcək pedaqoji kadrların hazırlanmasına xüsusi önəm verilir, onların zəruri material və məlumatlarla təmin edilməsi diqqətdə saxlanılır.Bütün qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Multikulturalizmin və mədəniyyətimizin qorunmasına və inkişafına töhfələrini əsirgəməyən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin restavrasiyasına da xüsusi diqqət göstərir. Cənab Prezident İlham Əliyevin "Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir" fikri Azərbaycan reallıqlarına söykəndiyini və dövlətimizin sözügedən mövzuda da dünyaya bir örnək olduğunu ortaya qoymuş olur.
Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov "Multikulturalizm və onun Azərbaycan modeli" məruzəsi ilə çıxış edərək multikulturalizmin yaranması tarixindən, Azərbaycanda mutikulturalist cəmiyyətin nümunəsi kimi mədəni bərabərliyin təmin edildiyini, müxtəlif mədəniyyətlərin tarixi irsinin qorunması və inkişafına şərait yaradıldığını bildirdi. Bu gün Azərbaycan universitetlərində "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisinin həyata keçirilmə layihəsi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Təhsil Nazirliyi və müvafiq ali məktəblərlə əməkdaşlıq müqavilələri imzalayaraq 2015-ci ilin birinci yarısında respublikamızın 7 ali məktəbində Multikulturalizm kafedrası açıldı. Ötən ilin payız semestri ərzində daha 12 universitetdə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin bakalavr və magistr səviyyəsində tədrisinə nail olundu. Beləliklə, qeyd edilə bilər ki, "Azərbaycan multikulturalizmi" fənni dünyanın 11, Azərbaycanda isə bir sıra nüfuzlu ali məktəbində keçirilir. Bu fənn universitetimizdə yüksək səviyyədə tədris olunur. Məruzə ətrafında Sosiologiya və politologiya kafedrasının dosenti Cavid Məmiyev "Multikulturalizmin və tolerantlığın müasir Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsində rolu", Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi Nemət İbayev "Multikulturalizm Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının tərkib hissəsidir", Azərbaycan dili və dilçilik kafedrasının müəllimi Əli Rzayev "Heydər Əliyevin Azərbaycanda multukultural mədəniyyətin inkişafında tarixi rolu", Sosiologiya və politologiya kafedrasının baş laborantı Nailə Qasımova "Azərbaycanda multukultural mədəniyyətin formalaşmasında azsaylı xalqların rolu" mövzularında çıxış etdilər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az