Energetika kafedrasının bir qrup müəllimi Tədris və sənaye körpüsü təlimlərində iştirak ediblər
Mühəndislik fakültəsinin Energetika kafedrasının müdiri Xəyalə Əliquliyeva və müəllimləri K.Hacıyeva, A.Şirinova, S.Abdullayeva, Q.Hüseynova, A.Talıflı, eləcə də tədris köməkçisi Z.Hacıyev, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində təşkil olunan "SCADA sisteminə giriş və qurulmasının ümumi prinsipləri" adlı 7 günlük nəzəri və praktiki təlimdə iştirak ediblər. Təlimin ilk günü iştirakçılar “Azərişıq” ASC-nin strukturu və mövcud şəbəkə haqqında ətraflı məlumat əldə edərək təhlükəsizlik texnikası qaydaları ilə tanış olublar. Həmçinin mikro SCADA sisteminin qurulması və idarə edilməsi, SCADA sistemində məlumatların toplanması və arxiv materiallarının oxunması barədə praktiki biliklər əldə ediblər. Bundan əlavə, kafedranın digər əməkdaşları Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Tədris Mərkəzində “Enerji təchizatı” adlı 5 günlük nəzəri və praktiki təlimdə iştirak edərək sənaye yönümlü dərslərin keçirilməsi üçün əhəmiyyətli məlumatlar əldə ediblər. Təlimin başlanğıcında iştirakçılar texniki təhlükəsizlik qaydaları ilə tanış olmuş, “Azərenerji” ASC-nin ümumi strukturu və Tədris Mərkəzindəki laboratoriyalar haqqında məlumat alıblar. Sonrakı günlərdə V. Nəsibov və SDU-nun məzunu olmuş R.Gəncəliyev tərəfindən “Azərenerji” ASC-nin Baş Dispetçer Mərkəzində quraşdırılmış SCADA sistemi, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması, onun idarə olunması, elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi, alternativ enerji mənbələri, kommutasiya aparatları və qurğuları barədə müasir tələblərə cavab verən ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu məlumatlar əsasında tədris olunan fənlərdə elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması, elektrik sistemlərinin və avadanlıqlarının mühafizəsi, kommutasiya aparatları və qurğuları, habelə sənaye elektrik təchizatı kimi sənaye yönümlü mövzulara diqqət yetirilir.