SDU- da Sumqayıt hadisələrinə həsr olunmuş tədbir: Tarixi araşdırmalar və əsil həqiqət
Fevralın 28-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 37-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş hadisələr haqqında çıxış edərək konkret faktlara istinad etməklə “Böyük Ermənistan” xülyasının tərkib hissələri olan hadisələrin səbəbləri barədə məlumat verib. Elmar Xəlilov 2020-ci ildə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbəni xatırladaraq, azərbaycanlılara qarşı aparılan soyqırımı, deportasiya və təxribatların qarşısının alındığını bildirib. Sonra Sumqayıt hadisələrinin tədqiqatçısı, SDU-nun Xarici dillər kafedrasının professoru, məsləhətçi Ramazan Məmmədov çıxış edərək 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinin əsas səbəbləri, bu hadisələri törədən və təşviq edən qruplar, həmçinin Ermənistandan gələn milliyətçi hərəkatlar haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Sumqayıt hadisələri erməni separatçılarının ssenarilərindən biri olsa da, bu hadisələrin arxasında daha geniş səbəblər dayanır. O, hadisələrin təşkilatçısı olan Eduard Qriqoryanın erməni olduğunu və təkcə onun Sumqayıtda beş erməni öldürdüyünü qeyd edib. Sumqayıt şəhərində baş verən iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirib, onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. O, çıxışının sonunda Sumqayıt hadisələrini təşkil edən qüvvələrin əvvəldən hazırlıq apardıqlarını qeyd edib. Sumqayıt hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün kifayət qədər faktların mövcud olduğunu vurğulayıb. Əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib. Həmin hadisələrin səbəbləri dərindən araşdırılıb və əsl həqiqət üzə çıxarılıb. Sonra tədbir diskussiya şəklində davam edib. Mövzu ətrafında Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev çıxış edərək qeyd ediblər ki, Sumqayıt hadisələri yalnız bir anın deyil, uzun müddət davam edən və müasir Azərbaycan tarixini formalaşdıran bir dövrün nəticəsidir. Bu cür tədbirlər həmin dövrün təhlilini, səbəblərini və nəticələrini müzakirə etməklə, gənc nəsillərin bu hadisələri anlamaq baxımından olduqca əhəmiyyətlidir.