Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş elmi seminar keçirilib
Fevralın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Azərbaycan tarixi dərnəyinin “Konstitusiya və Suverenlik ili çərçivəsində” Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr edilmiş elmi seminar keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib. Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Universitetin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov çıxış edərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində Konstitusiyanın rolunu vurğulayıb. O, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını, Ulu Öndərin rəhbərliyi ilə əldə edilən ictimai-siyasi sabitliyi və müasir dövlət quruculuğu üçün əsaslı zəminin yaradıldığını bildirib. Professor Şirxan Səlimov 1995-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasının ölkəmizdəki qanunvericilik və institusional islahatların başlanğıcını qoyduğunu qeyd edib. O, həmçinin 2020-ci ildəki Vətən müharibəsində qazanılan tarixi zəfəri və 2023-cü ildə həyata keçirilən “antiterror əməliyyat”ları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il sentyabrın 19-da qəbul olunan Sərəncamına əsasən, 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyini diqqətə çatdırıb. Daha sonra Tarix üzrə fəlsəfə doktoru Samir Məhərrəmov “Heydər Əliyev və Azərbaycan Konstitusiyası: hüquqi dövləti formalaşdıran strateji islahatlar”, Baş müəllim Pərviz Cəfərov “Azərbaycan Konstitusiyasının qəbul olunması ərəfəsində ictimai-siyasi vəziyyət”, fakültənin tələbələri Rahil Cəfərov “Azərbaycan Konstitusiyasında gənclərin təhsil təminatı”, Aslan Əsgərov “Gənclərin dövlət quruculuğunda iştirakı: ictimai və siyasi fəaliyyət” mövzularında çıxış ediblər. Məruzələr ətrafında Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev Ulu Öndərin müasir hüquqi dövlətin formalaşmasında və Konstitusiyanın hazırlanmasında oynadığı mühüm rolu qeyd edib. Seminarın sonunda mövzuya dair geniş müzakirələr aparılıb.