Sumqayıt Dövlət Universitetində Peşəkar Spikerlər Seriyasına start verilib
Martın 5-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi tərəfindən ənənəvi olaraq keçirilən Peşəkar Spikerlər Seriyasına (PSS) start verilib. Layihə çərçivəsində "Ayazoghlu Academy" tərəfindən "Elektrik Layihələrinin gizli kodları" və "Dövrə dizaynı: İdeyadan reallığa" mövzuları üzrə təlimlər keçirilib. Təlimlərdə universitetin elektrik və elektronika mühəndisliyi ixtisaslarında, eləcə də, Sumqayıt Dövlət Texniki Kollecinin elektrik təchizatı ixtisası üzrə təhsil alan tələbələr və bu fənni tədris edən müəllimlər də iştirak ediblər. Təlim iki hissədən ibarət idi. Əvvəlcə Mərkəzin direktoru Nəsibə Əmirbəyova çıxış edərək, PSS layihəsi çərçivəsində təşkil olunan təlimlərin əhəmiyyətini vurğulayıb. O, sənaye-universitet əməkdaşlığının və mütəxəssislərlə tələbələr arasında bu cür tədbirlərin keçirilməsinin tələbələrin karyera inkişafında əsas rol oynadığını bildirib. Nəsibə Əmirbəyova təlimlərin məqsədinin gəncləri sənayenin tələblərinə uyğun hazırlamaq olduğunu qeyd edib. Sonra "Ayazoghlu Academy" rəhbəri Rəvan Quluzadə çıxış edərək akademiyanın fəaliyyəti, memarlıq və mühəndislik sahələrində təqdim olunan təlim və karyera inkişafı imkanları haqqında ətraflı məlumat verib. Daha sonra "STP Global Cable MMC"-də layihəçi elektrik mühəndisi Elmir Sultanov "Elektrik Layihələrinin gizli kodları", təlimin ikinci hissəsində isə "STP Global Cable MMC"-də terminal istehsalında baş mühəndis Coşqun Kərimli "Dövrə dizaynı: İdeyadan reallığa" mövzularında təqdimatla çıxış edərək, elektrik va elektronika mühəndisliyində müasir yanaşmalar haqqında ətraflı məlumat veriblər. Təlimlərin sonunda mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təlimlərin sonunda iştirakçılar sertifikat və "Ayazoghlu Academy" tərəfindən təşkil olunan dərs paketlərinə xüsusi endirim əldə ediblər