Əcnəbi tələbələrin təqdimatında “Bizim iqtisadiyyat” mövzusu müzakirə olunub
Martın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində Mükəmməllik Mərkəzinin “Young Economists” və “International Student” klublarının təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən ibarət gənc iqtisadçıların iştirakı ilə “Bizim iqtisadiyyat” mövzusunda dəyirmi masa keçirilib. İngilis dilində keçirilən tədbirdə Türkiyə, Pakistan, Gürcüstan və İrandan olan tələbələr iştirak edib. Tədbir universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilovun açılış nitqi ilə başlayıb. O, hər bir dövlətin iqtisadiyyatının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın iqtisadi inkişafı ilə bağlı əldə etdiyi uğurlar və beynəlxalq əlaqələrindən danışıb. Gənc iqtisadçılara dövlətimizin inkişafı və dövlətçiliyə xidmət etmək üçün çalışmağı tövsiyə edib. Sonra əcnəbi tələbələr öz ölkələrinin iqtisadi inkişafı, mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə təqdimatla çıxış ediblər. Onlar ölkələrinin iqtisadiyyatının əsas aspektlərini və Azərbaycanla iqtisadi əlaqələrinin genişlənməsi üçün mümkün olan perspektivlərini müzakirə ediblər. Tədbirin sonunda iştirakçılar Azərbaycan iqtisadiyyatının inkişafı və qarşıdakı dövrün iqtisadi hədəfləri ilə bağlı fikirlərini bölüşüblər. Tədbir tələbələr arasında beynəlxalq əməkdaşlığın təşviqinə və müxtəlif ölkələrin iqtisadi inkişaf modellərinin müzakirəsinə imkan yaradaraq, gənc iqtisadçılara geniş baxış bucağı qazandırıb. Sonda iştirakçıkara Mükəmməllik Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.