Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində 8 Mart ─ Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Yerləşdirilmə tarixi : 07 Mart 2025 21:18
Sumqayıt Dövlət Universitetində 8 Mart ─ Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
 
Martın 7-də Sumqayıt Dövlət Universitetində (SDU) universitetin Heydər Əliyev Mərkəzinin və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart ─ Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə SDU-nun rektoru v.i.e. Əminağa Sadıqov və Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzərək onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Universitetin Akt zalında davam edən tədbirdə professor Əminağa Sadıqov millət vəkili Hicran Hüseynovanı və iştirakçıları salamlayıb, Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin xanım əməkdaş və tələbələrini simasında bütün Azərbaycan qadınlarını təbrik edib. O, tarix boyu Azərbaycan qadınının öz istedadı, zəkası, iradəsi, fədakarlığı və mübarizliyi ilə seçildiyini, ölkəmizin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında, elmin və təhsilin inkişafında fəal iştirak etdiyini qeyd edib. Eyni zamanda Azərbaycan dövlətinin qadınlara, onların cəmiyyətin inkişafındakı roluna və yüksək mövqeyinə hər zaman diqqətlə yanaşdığını bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev qadının cəmiyyətdəki, ailədəki rolunu həmişə yüksək qiymətləndirmiş, onların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaratmışdır. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirərək, qadınların ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmək üçün mühüm addımlar atır. Professor Əminağa Sadıqov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyətini qeyd edərək, onun ölkənin Birinci xanımı kimi Azərbaycan qadınının adını yüksəklərə qaldırdığını diqqətə çatdırmışdır. Ə.Sadıqov Sumqayıt Dövlət Universitetində də çox sayda xanımların çalışdığını, təhsil aldığını xatırladıb və yüksəkixtisaslı kadr hazırlığına, ölkəmizin mənəvi-mədəni inkişafına öz töhfələrini verirlər. Sonra professor Hicran Hüseynova məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər Heydər Əliyev verib. Onun rəhbərliyi ilə dövlət qadın siyasətinin əsas prinsipləri müəyyən edilmiş, bir çox qanunlar qəbul olunmuşdur. 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş və 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılaraq, qadın və uşaqlara olan dövlət qayğısı daha da gücləndirilmişdir. Millət vəkili onu da vurğulayıb ki, bu gün Azərbaycanda qadın hərəkatının önündə ölkəmizi dünya miqyasında layiqincə təmsil edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva dayanır. Onun vətənə sevgisi, insansevərliyi və mərhəməti beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır. Sonra millət vəkili qadınların rifahının yaxşılaşdırılması, onların cəmiyyətdəki mövqeyinin daha da yüksəldilməsi istiqamətində müxtəlif dövlət qurumlarının həyata keçirdiyi tədbirlərdən danışıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb. Ə.Sadıqov Hicran Hüseynovaya tədbirdə iştirakına və dərin məzmunlu çıxışına görə təşəkkürünü bildirərək, onu Qadınlar Günü münasibətilə təbrik edib

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az