SDU-da məzun şəhidlərin mövludu qeyd edilib
Martın 11-də Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə şəhid məzunları – Seyfəddin Balağayev, Elnur Səmədov, Ətraf Qənimətov və Vidadi Qəhrəmanovun mövludu ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə SDU-nun kollektivi, şəhid olmuş tələbə və məzunların ailə üzvləri universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan ordusunun xalqımıza yaşatdığı tarixi qələbədən danışıb. O, həmçinin universitetin şəhid məzunlarının qəhrəmanlığından fəxarət hissi ilə söz açaraq, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq və şəfa diləyib. E.Xəlilov Sumqayıt Dövlət Universitetində şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Belə görüşlərin ənənə halını almasının əhəmiyyətini diqqətə çatdırıb. Tədbirdə universitetin məzunu olmuş və sonradan şəhidlik zirvəsinə ucalan qəhrəmanların valideynləri - Elnur Səmədovun anası Sənubər Səmədova və Ətraf Qənimətovun anası Zəminə Ağakişiyeva çıxış edərək övladlarının tələbəlik illərindən, onların Vətənə olan sonsuz sevgisi və fədakarlığından danışıb, iştirakçılarla xoş xatirələrini bölüşüblər. Tədbir çərçivəsində Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev çıxışlarında şəhid məzunlarının təhsil və həyat yolundan bəhs edib, onların elmə və cəmiyyətə verdiyi töhfələri vurğulayıblar. Eyni zamanda, şəhid məzunların əziz xatirəsini ehtiramla anıblar. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elmin Novruzov çıxış edərək, şəhidlərin göstərdiyi şücaət gənclər üçün əvəzolunmaz bir məktəb olduğunu vurğulayıb.