Müasir dünyada gender bərabərliyi mövzusuna həsr olunmuş tədbir
Martın 12-də Təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə “Müasir dünyada gender bərabərliyi”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri fakültənin dekan müavini Sabir Ələkbərov açaraq, iştirakçılara müasir dünyada gender bərabərliyinin önəmi və inkişafı haqqında məlumat verib. Qeyd edib ki, gender problemi və gender bərabərliyinin təmin edilməsi tarix boyu bəşəriyyətin diqqət mərkəzində olan mühüm məsələlərdən biri olub. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz gender bərabərliyinə nail olunmasıdır. Sabir Ələkbərov bu məsələnin həlli üçün həm fərdi, həm də ictimai səviyyədə addımlar atılmalı və bütün cəmiyyətin birgə səyi ilə bərabərsizliklər aradan qaldırılmalı olduğunu bildirib. Mövzu ilə bağlı videoçarx nümayiş olunub. Tədbir müasir dünyada gender bərabərliyi mövzusuna həsr olunmuş səhnəciyin nümayişi ilə davam edib. Təbiət elmləri fakültəsinin tələbəsi Gülay Nəcəfli mövzu ətrafında geniş çıxış edib. Ardınca Təbiət elmləri fakültəsinin tələbəsi Səbinə Əmirlinin ifasında şeir səsləndirilib. Sonra psixoloq Zöhrə İslamzadə dünyada gender bərabərliyinin əldə olunması istiqamətində aparılan mühüm işlərdən bəhs edib. Zöhrə İslamzadə gender bərabərliyinin əldə olunmasında hər bir fərdin rolunun və məsuliyyətinin vacibliyini vurğulayıb.