SDU-nun Elmi şurasının növbəti iclası keçirilib
Martın 12-də Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın sədri, rektor v.i.e. Əminağa Sadıqov çıxış edərək şura üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə universitetin elmi və ictimai həyatında bundan sonra da daha fəal iştirak etməyi arzulayıb. İştirakçılara gündəlikdə olan məsələlər barədə məlumat verib. İclasın davamında SDU-nun Strateji İnkişaf Planının həyata keçirilməsi ilə bağlı yerinə yetirilən tədbirlər və 2025-ci il üzrə Fəaliyyət planının təsdiqi barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı məlumat verib. Sonra SDU-nun 2025-ci il üzrə Fəaliyyət planı təsdiq edilib. SDU-nun informasiya texnologiyaları infrastrukturunun hazırkı vəziyyəti və yenilənməsi barədə İT proqramları üzrə rektorun müşaviri Əhməd Əhmədzadə və İTŞ-nin müdiri Sahil Əliyev məlumat veriblər. Universitetdə İT infrastrukturunun yenilənməsi ilə əlaqədar olaraq, SDU-nun bütün korpuslarında Wi-Fi avadanlıqlarının yenilənməsi və mərkəzi idarəetmə sisteminin qurulması təklif olunub. Qeyd olunan geniş miqyaslı işlərin həyata keçirilməsi üçün müvafiq iş qrafikinin hazırlanması, uyğun struktur rəhbərləri ilə razılaşdırılması və yekun sənədin rektorluğa təqdim olunmasının təmin edilməsi İnformasiya texnologiyaları proqramları üzrə rektorun müşaviri Əhməd Əhmədzadəyə tapşırılıb. Tələbələrin və müəllimlərin beynəlxalq mübadilə proqramlarına cəlb edilməsinin genişləndirilməsi haqqında Beynəlxalq əməkdaşlıq və strateji layihələr şöbəsinin müdiri Həbibə Nəzirova çıxış edərək SDU-da tələbələrin və müəllimlərin beynəlxalq mübadilə proqramlarında iştirakının daim diqqət mərkəzində saxlanıldığını və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ciddi səy göstərildiyini bildirib. SDU-nun Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti haqqında mərkəzin direktoru Leyla Allahverdiyeva məlumat verib. Mərkəzdə müasir tələblərə uyğun olan İKT sistemi ilə təhciz olunmuş yeni innovativ strukturun yaradıldığını diqqətə çatdırıb. Cari məsələlər və elmi adların verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verib. Qeyd olunub ki, Tarix, coğrafiya və metodika kafedrasının professoru İlham Mərdanova elmi-pedaqoji fəaliyyətə görə professor, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Afaq Qəniyevaya, Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının dosenti Natəvan Allahverdiyevaya, Pedaqogika və psixologiya kafedrasının dosenti Lalə Əliyevaya, Fizika kafedrasının dosenti Gülnarə Quliyevaya elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adlarının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasına dair müvafiq sənədlər Elmi şuraya təqdim olunub. Aparılan müzakirələrdən və gizlin səsvermədən sonra qeyd olunan əməkdaşlara elmi adların verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılmasına qərar verilib.