“Süni intellekt, iş dünyası və rəqəmsallaşma” haqqında təlim
Martın 13-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşəbbüsü və Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt, iş dünyası və rəqəmsallaşma” mövzusunda təlim keçirilib. Təlimi Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Könül Abaslı açaraq qonaqları, professor müəllim heyətini və tələbələri salamlayıb, təlimin məqsədinin, süni intellektin iş dünyasında tətbiqinin genişləndirilməsi, eyni zamanda rəqəmsal transformasiya ilə bağlı yeni perspektivlərin müzakirə edilməsi olduğunu vurğulayıb. Sonra Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev qonaqları təqdim edib, sözü Nesibe Aydın Okullarının sədr müavini Mirkan Aydın və SODİMER başçısı professor Levent Eraslana verib. Nesibe Aydın Okullarının sədr müavini Mirkan Aydın “Təhsil sahibkarlığı və təhsildə innovasiya” mövzusunda məruzə edib. Mirkan Aydın təhsil sahəsində sahibkarlığın inkişafının və innovasiyaların əhəmiyyətini vurğulayaraq, təhsilin gələcəyini formalaşdırmaq üçün yeni yanaşmaların və texnologiyaların tətbiqinin vacibliyini qeyd edib. O, təhsil sahəsində innovasiyaların yalnız texnologiyalarla məhdudlaşmadığını eyni zamanda, tədris metodlarının idarəetmə sistemlərinin və məktəb mühitinin yeniliklərlə zənginləşdirilməsinin önəmli olduğunu bildirib. SODİMER başçısı professor Levent Eraslan isə “Süni zəka təhsili necə dəyişdirəcək?” mövzusunda məruzə edərək süni zəkanın tədris metodlarını, tələbə-müəllim əlaqələrini və təhsil resurslarının istifadəsini necə daha effektiv və fərdiləşdirilmiş hala gətirəcəyini qeyd edib. Professor süni zəkanın dərs proseslərinin avtomatlaşdırılması, tələbələrin inkişafını izləmə və individual təhsil ehtiyaclarını qarşılama sahəsindəki potensialına da toxunub. Sonda Nesibe Aydın Okullarının sədr müavini Mirkan Aydın məktəblərinin kitablarını hədiyyə olaraq prorektor, dosent Könül Abaslıya təqdim edib.