“Məzunlarla uğurlu yol” layihəsinə start verilib
Martın 13-də İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Marlab Tədris Mərkəzinin təlimçisi Bəylər Əlizadə ilə tələbələrin görüşü keçirilib. Tədbiri Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova açaraq tələbələrin əmək bazarında uğur qazanmaları üçün xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb. N.Əmirbəyova əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, tələbələrin iş dünyasına hazırlıq səviyyələrini artırmaq üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin mərkəzin məzunlarla tələbələr arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. Bildirib ki, layihənin mahiyyəti məhz məzunların təcrübələrini paylaşaraq, tələbələrin gələcək karyeralarına daha sağlam bir şəkildə başlamalarına dəstək olmaqdır. Tədbir zamanı Bəylər Əlizadə tələbələrə öz peşə təcrübələrini paylaşaraq, iş dünyasında uğur qazanmaq üçün hansı bacarıqlara sahib olmaq lazım olduğunu izah edib. Bəylər Əlizadə həmçinin “Marketinqin əsasları” mövzusunda tələbələrə yeni biliklər və onların tətbiq sahələri, peşəkar inkişafın və müasir iş bazarının tələbləri barədə məlumat verib.
Təlimçi marketinq sahəsində tələbələri maraqlandıran sualları cavablandırıb.