SDU-da "Milli suverenlik hüquqi və tarixi perspektivlər" müzakirə edilib
Martın 13-da Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində Tarix və coğrafiya fakültəsinin "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Milli suverenlik hüquqi və tarixi perspektivlər" adlı tədbiri keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov tədbirin açılışında milli suverenliyin və konstitusiyanın əhəmiyyətini geniş şəkildə izah edərək, bu anlayışların dövlətin hüquqi və siyasi dayaq sütunları olduğunu qeyd edib. Bildirib ki, konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Elmar Xəlilov suverenliyin yalnız bir dövlətin ərazisindəki nəzarətini deyil, həm də xalqın öz tarixini, mədəniyyətini və dəyərlərini qorumağa yönəlmiş müstəqil iradəsini əks etdirdiyini vurğulayıb. Tarix və coğrafiya fakültəsinin tələbələri Rahil Cəfərov "Suverenlik müstəqilliyin zəmanəti və milli dəyərlərimiz", Xeyransa Ağammədzadə “Gənclər və hüquqi maarifləndirmə konstitusiya bilgilərinin rolu” mövzularında məruzə ediblər. Məruzəçilər suverenliyin hər bir dövlətin varlığını qoruyan əsas amil olduğunu və xalqın milli dəyərlərini müdafiə etməyin, müstəqilliyin zəmanəti olduğunu bildiriblər. Sonra Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev hüquqi dövlət quruculuğunda Konstitusiyanın rolu və suverenliyin bərpasının siyasi-iqtisadi əhəmiyyətindən geniş bəhs edib.