Martın 13-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş “Riyaziyyatın yaradıcılıqdakı rolu” adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri ilə yanaşı, respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin tələbələri, həmçinin Sumqayıt Dövlət Texniki Kollecinin müəllim-tələbə heyəti və Sumqayıt şəhərindən olan orta məktəb şagirdləri də iştirak ediblər. Bu da müxtəlif yaş qruplarının riyaziyyat və onun yaradıcı tətbiqləri barədə biliklərini genişləndirməyə imkan verib. Tədbiri Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Məftun Heydərova açaraq qonaq və iştirakçıları salamlayıb, riyaziyyata olan marağın artırılması məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edib. Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova çıxış edərək, riyaziyyat elminin cəmiyyətin bütün sahələrindəki rolundan danışıb. O, riyaziyyatın yalnız nəzəri sahə ilə məhdudlaşmadığını, eyni zamanda gündəlik həyatda da yaradıcı və praktiki tətbiqlərin əsasını təşkil etdiyini vurğulayıb. Sonra riyaziyyatın tədrisinə yenilikçi yanaşmalar gətirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Dördnişanlı” fəxri fərman mükafatçısı və “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi Bəhman Qüdsi riyaziyyatın elmi və həyatdakı tətbiqləri barədə geniş və maraqlı təqdimatla çıxış edib. Riyazi təfəkkürün və yaradıcı yanaşmaların inkişafında analizin, sintezlərin və kreativliyin rolunu vurğulayan Bəhman Qüdsi müasir tədris metodlarının və innovativ yanaşmaların istifadəsinin vacibliyini izah edib. Nümunələr vasitəsilə riyazi yaradıcılığın gündəlik həyatda necə tətbiq oluna biləcəyini nümayiş etdirib. Sonda Bəhman Qüdsinin tar musiqi alətində müşayiəti əyləncəli motivlə yekunlaşıb.