SDU-nun rektoru v.i.e. professor Əminağa Sadıqov beynəlxalq konfransda çıxış edib
Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndislik Problemlərinin Həllində Menecment və İdarəetmə” adlı beynəlxalq konfrans (MaCoSEP- 2025, 13-15 mart ) keçirilir. BMU, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE), Türkiyənin Ege, Macarıstanın Debrecen universitetləri, Ukraynanın Kibernetika İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib. Konfransda açılış nitqi ilə çıxış edən BMU rektoru Yaqub Piriyev qonaqları salamlayaraq, tədbirin təkcə mühəndislik elmləri sahəsində qazanılan nailiyyətlərin paylaşılması deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsində mühüm bir platforma, gələcək əməkdaşlıqlar üçün körpü olduğunu bildirib. Azərbaycan təhsili və elminin hazırkı əsas vəzifələrindən danışan rektor qloballaşan dünyanın müasir çağırışları, ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətinin Azərbaycan elmi qarşısında yeni tələblər qoyduğunu deyib və Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı Dövlət Proqramlarını diqqətə çatdırıb. Sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. professor Əminağa Sadıqov çıxış ediblər. Ə.Sadıqov bildirib ki, beynəlxalq konfransın keçirilməsi həm zaman, həm də məzmun baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkəmizdə irimiqyaslı layihələr həyata keçirilir və bunların böyük əksəriyyəti mühəndislik məsələləri ilə bağlıdır. Əvvəlki dövrlərdən fərqli olaraq bu məsələlərin həlli ciddi elmi yanaşmalar tələb edir. Bu baxımından konfransın keçirilməsi, elmi yanaşmaların tətbiqinin və yeni texnologiyaların müzakirə edilməsinin vacibliyini bir daha göstərir. Sonra Səudiyyə Ərəbistanı KAPSARC tədqiqat mərkəzinin professoru Fateh Belaid, Avstriya Johannes Kepler Universitetinin professoru Johannes Reichl məruzələrlə çıxış ediblər. Martın 15-də başa çatacaq konfransın materialları Scopus və Web of Science-ə daxil olan ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun bazasında indeksləşəcək.