“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 16-da Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə “Probasiya qeydiyyatında olan şəxslərə göstərilən sosial-psixoloji dəstək” mövzusunda dəyirmi masa keçirilib.
SDU-nun professor-müəllim heyətinin, sosial iş və psixologiya ixtisası üzrə təhsil alanların, Probasiya xidmətinin məsul şəxslərinin və əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə son dövrlərdə probasiya sahəsində həyata keçirilən islahatlar, o cümlədən sosial adaptasiya və reabilitasiya tədbirləri, ali təhsil müəssisələri, vətəndaş cəmiyyəti və dövlət qurumları ilə qurulan əməkdaşlıq və görülən işlər barədə ətraflı məlumat verilib. Tədbirdə Probasiya xidmətində könüllü fəaliyyət göstərən sosial işçilər və psixoloqlar tərəfindən probasiya sahəsində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə aparılan işlər, o cümlədən məhkumlara göstərilən sosial və psixoloji xidmətlərlə bağlı təqdimatlar edilib.