“Rəqəmsal mühitdə hüquqların təhlükəsizliyi” mövzusunda seminar
Mayın 21-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Rəqəmsal mühitdə hüquqların təhlükəsizliyi” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarı Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Məftun Heydərova açaraq iştirakçıları salamlayıb, "İnsan hüquqları aylığı" çərçivəsində keçirilən maarifləndirici tədbirin əhəmiyyəti barədə məlumat verib. O, 18 may - 18 iyun tarixləri arasındakı müddətin ölkəmizdə "İnsan hüquqları aylığı" elan olunduğunu diqqətə çatdırıb, tədbirin əsas məqsədinin rəqəmsal hüquqlar, şəxsi məlumatların qorunması və bu sahələrdə tələbələrin məlumatlandırılması olduğunu vurğulayıb.
Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının dosenti Şəhla Hüseynzadə “Rəqəmsal mühitdə hüquqların təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edərək, rəqəmsal hüquqlar və rəqəmsal azadlıqlar, sosial şəbəkələrdə hüquq pozuntularının qarşısının alınması, kibertəhdidlərə qarşı hüquqi və texniki mübarizə yolları haqqında məruzə edib. Sonra fakültənin tələbələri Zərifə Səmədzadə,Tamara Cəfərzadə, Ruhidə Kərimova və Səda Zarıyeva iştirakçılara internetin və sosial medianın təhlükəsiz istifadəsi, şəxsi məlumatların qorunması, həmçinin məlumatların qanunsuz əldə olunması və istifadəsinin qarşısının alınması və digər məsələlər barədə təqdimatlarla çıxış ediblər. Sonda Riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova tədbirin keçirilməsində əməyi keçən müəllim heyətinə və tələbələrə minnətdarlığını bildirib, belə tədbirlərin əhəmiyyətini qeyd edib. Seminar interaktiv şəkildə davam edib.