Aprelin 15 və 21-də Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “MilliSec” kibertəhlükəsizlik şirkəti tərəfindən Mühəndislik fakültəsinin tələbələri üçün “Red Team” və “Blue Team”mövzularını əhatə edən ikigünlük təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrin kibertəhlükəsizlik sahəsində nəzəri biliklərini təcrübə ilə möhkəmləndirmək, onların real kiberhücum və müdafiə üzrə praktiki bacarıqlarını inkişaf etdirmək olub.
Təlimi Mühəndislik fakültəsinin dekan müavini, dosent Svetlana Əhmədova açaraq İnformasiya texnologiyaları ixtisasının tələbələrinə kibertəhlükəsizlik sahəsində tələbələrin nəzəri biliklərini zənginləşdirən belə təlimlərin onların gələcək karyeraları üçün böyük önəm daşıdığını qeyd edib.
Təlimin birinci günü “Red Team” üzrə təşkil edilib. “MilliSec” kibertəhlükəsizlik şirkətinin direktoru Zaur Qasımov “Port skanının tətbiqi”, “Port skanına giriş”, “Serverlər və onların hücum vektorları”, “Zəifliyin aşkarlanması və istismarı” mövzularında çıxış edib. O, kiber hücumları vaxtında aşkarlamaq və qarşısını almaq bacarıqlarını formalaşdırmaq və s. bu kimi mövzularda məlumat verib. Təlimin sonunda “Real dünya hücum ssenariləri” mövzusunda CTF müsabiqəsi təşkil olunub. Qaliblər hədiyyələrlə təltif ediliblər.