Mayın 2-də Mühəndislik fakültəsinin Kimya mühəndisliyi və ekologiya kafedrasının təşkilatçılığı ilə “Geoinformasiya texnologiyaları: CIS, Geomatika və MZ-nın praktiki imkanları” adlı seminar keçirilib. Seminarı Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri Tünzalə Babayeva açaraq müasir geoinformasiya texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən mühəndislik və ekologiya sahələrində geniş tətbiq olunduğunu vurğulayıb.
Sonra Coordinat Group MMC-nin direktoru Vüqar Arazov “Layihələndirmənin avtomatlaşdırılmış sistemləri” mövzusunda məruzə edib. Layihələrin daha sürətli və dəqiq həyata keçirilməsi üçün müasir avtomatlaşdırılmış sistemlərin necə istifadə edildiyini və onların mühəndislik proseslərində hansı üstünlükləri təmin etdiyini izah edib. ARETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçi Rəna Həsənova Baba-zadə “CİS-in əsasları və tətbiq sahələri”mövzusunda məruzə ilə çıxış edərək CİS texnologiyalarının mühəndislik və ekologiya sahələrindəki tətbiqləri haqqında məlumat verib.
Su və meliorasiya Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi Aysel Cəlilova “Məsafədən zondlama və məlumat toplama texnologiyaları” mövzusunda çıxış edərək bu texnologiyaların su və meliorasiya sahələrində istifadəsinin əhəmiyyətini vurğulayıb. Seminarın sonunda universitetin həyətində açıq havada praktiki məşğələlər təşkil edilib, iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.