Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
Yerləşdirilmə tarixi : 05 İyul 2025 11:25
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
İyulun 4-də Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası şuranın sədri, universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq, şura üzvlərini salamlayıb. O, ötən tədris ilində Sumqayıt Dövlət Universitetinin böyük uğurlara və nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. Qeyd edib ki, Sumqayıt Dövlət Universiteti ilk dəfə olaraq “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısına daxil olub. Bu nailiyyət universitetimizin beynəlxalq səviyyədə tanınmasının və qlobal akademik mühitə uğurlu inteqrasiyasının parlaq nümunəsidir. Əminağa Sadıqov qarşıda duran məsələlərlə də bağlı məlumat verib. Sonra o, son vaxtlar elmi dərəcə və elmi ad almış əməkdaşları təbrik edib və onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
 
Daha sonra Elmi katib professor Muxtar Səmədov gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Gündəlik təsdiq olunub. İkinci ali təhsilə qəbul qaydaları ilə bağlı Tədris Metodiki Mərkəzin direktoru, dosent Osman Hacıyev çıxış edib. Bildirib ki, SDU-da təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada, https://portal.edu.az/ portalı vasitəsilə həyata keçirilir. O, Azərbaycan bölməsi üzrə əlavə təhsil ixtisaslarının siyahısını da iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, 2025/2026-cı tədris ili üzrə professor-müəllim heyətinin tədris işi vaxtı normasına dair Qaydalar haqqında məlumat verilib və qaydalar təsdiq olunub. Sonra dosent Osman Hacıyev 2024/2025-ci tədris ilinin yaz semestrində “Code Academy” layihəsinə cəlb olunan tələbələrin bəzi fənlərinin əvəzlənməsi barədə də ətraflı məlumat verib. Magistrantların elmi-tədqiqat, elmi-pedaqoji təcrübələri və attestasiyalarının nəticələri barədə Magistratura, doktorantura və elm şöbəsinin müdiri, dosent Samir Orucov məruzə edib. Magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri, həmçinin attestasiyalarının nəticələri qənaətbəxş qiymətləndirilib. Cari məsələlərin müzakirəsində Elmi katib, professor Muxtar Səmədov çıxış edərək 2025/2026-cı tədris ilində SDU-ya 500 və daha yüksək balla qəbul olunan tələbələrin universitet tərəfindən əlavə təqaüdlə (200 AZN) təmin olunacağını və Tələbə evində ödənişsiz yerlə təmin ediləcəyini qeyd edib. Sonra akademik borcu olan və fənni təkrar dinləmədən imtahanda iştirak etmək istəyən tələbələrin imtahanda iştirakı üçün ödəniş haqqı qaydalara uyğun olaraq müəyyənləşdirilib.
 
Müzakirələrdə Kompüter Modelləşdirməsi ixtisaslaşması üzrə mütəxəssis hazırlığı məsələsi, Sumqayıt İnnovasiya Mərkəzindən daxil olmuş məktuba əsasən təklif olunmuş yeni ixtisaslaşma üzrə mütəxəssis hazırlanmasının yerinə yetirilməsi üçün müvafiq qərarlar qəbul olunub. 2025/2026-cı tədris ilində SDU-ya əcnəbi tələbələrin qəbuluna dair ixtisaslar və təhsil haqqı müəyyənləşdirilib. “Sumqayıt Dövlət Universiteti Parlaq Gələcək” təqaüd proqramı çərçivəsində qəbul olunmuş əcnəbi tələbələrə Tələbə evində ödənişsiz yer verilməsi, eyni zamanda, bəzi struktur vahidlərin tərkibində və adlarında qismən dəyişikliklərin edilməsi və digər aktuallıq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub və struktur rəhbərlərinə aid tapşırıqlar verilib. Daha sonra bir qrup əməkdaşın dissertasiya işinin mövzusu və elmi rəhbərləri təsdiq edilib. Elmi katib Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə də məlumat verərək bildirib ki, Elmi Şuraya 14 adda tədris vəsaiti daxil olub, onlardan 10-u dərs vəsaiti, 4-ü isə fənn proqramıdır.Aparılan müzakirələrdən sonra tədris-metodiki vəsaitlərin nəşr olunmasına icazə verilib. Bununla da Elmi Şura öz işini uğurla başa çatdırıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az