11 Noyabrın 2014-cü ildə Avropada professional ali təhsilə dəstək üzrə ekspert Mixail Karpişek Sumqayıt Dövlət  Universitetində olmuşdur.
Rektor Elxan Hüseynov ekspert  Mixail Karpişeki  salamladı və ölkəmizdə təhsil sistemi  haqqında fikir mübadiləsi apardı.  "Azərbaycan Respublikasında təhsilin  inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ölkəmizdə aparılmış təhsil  islahatları və 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra Avropa Vahid  Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə  qonağa ətraflı məlumat verdi. Bildirdi ki, bu sənəddə milli ali təhsil  sisteminin Avropa təhsil mühitinə inteqrasiyasına və ali təhsil müəssisələrində  struktur islahatlarının dərinləşdirilməsinə xüsusi əhəmiyyət verilir.
Söhbət  əsasında  ölkəmizin təhsil sistemində baş  verən dəyişikliklərlə qonağı  tanış  edərək qeyd etdi ki, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət  orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit  Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə  kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların  artırıldığını deyən Elxan Hüseynov bu sahədə həyata keçirilən Dövlət  Proqramının davamlı olacağını vurğuladı.
Rektor qeyd etdi ki, bu gün Azərbaycanda Boloniya prosesinin başlıca  müddəalarından biri olan təhsilin keyfiyyətinin təmin olunması sisteminin  yaradılması və onun Ümumavropa "təhsilin keyfiyyətinin idarə  olunması" sisteminə uyğunlaşdırılması sahəsində də müəyyən işlər  görülmüşdür. Ölkəmizdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin  etmək məqsədi ilə "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya  və akkreditasiyası haqqında Əsasnamə", attestasiya və akkreditasiyanın  keçirilməsi üçün tələb və meyarlar hazırlanaraq təsdiq olunmuş, Təhsil  Nazirliyində öncə akkreditasiya komissiyası, sonra isə akkreditasiya şöbəsi  yaradılmışdır. SDU-da Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan  Məmmədovun sədrliyi ilə bu sahə üzrə komissiya işə başladı. 
Son  vaxtlar respublikada təhsildə distant   texnologiyalarının tətbiqi  zərurəti  barədə  müzakirələr   aparılır.  Nəhayət  gec  də olsa,  XXI əsrin ən böyük   təhsil  innovasiyası olan  distant təhsilin    respublikamızda  da  reallaşması üçün müvafiq təbirlər görülür. Bu  gün əksər ölkələrdə,  o cümlədən bir çox MDB ölkələrində tələbələrin ilkin  hazırlığı, yenidənhazırlığı, ixtisasartırılması distant təhsil texnologiyaları  vasitəsilə reallaşır. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və s. ölkələrdə 10  ildən artıqdır ki, bu sahədə sistemli iş aparılır. Hesab edirəm ki,  respublikada belə bir pilot layihəni də SDU-da   başlamaq mümkündür.  Bu sahə üzrə Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Atayev xeyli  təcrübə toplamışdır. 
Bu gün SDU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili  idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf  etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması kimi məsuliyyətli vəzifə  Tədris Hissəsinin müdiri İsabal Qurbanovun üzərinə düşür.
Sonda  qonaq rektor Elxan Hüseynova və universitetin rəhbərliyinə səmimi qəbul üçün öz  minnətdarlığını bildirdi. Sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil  sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində  yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa  standartlarına uyğunlaşdırılması istiqamətində aparılan işlərdən öz razılığını  ifadə etdi.
Mətbuat xidməti