Sumqayıt Dövlət Universitetinin həyətində möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirildi. Tədbiri giriş sözü ilə univesitetin rektoru, professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik etdi. Novruz bayramının ən qədim bayramlardan biri olduğunu nəzərə çatdıran rektor bildirdi ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.
Professor onu da vurğuladı ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra mühüm nailiyyətlərə imza atıldı, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və tətbiqi istiqamətində uğurlar əldə olundu.Ulu öndər Heydər Əliyevin fərmanı ilə Novruza milli bayram statusu verildi. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətləri sayəsində Novruz milli –mədəni irsi siyahısına yazıldı. Çıxışının sonunda universitetin rektoru milli –adət ənənələri özündə əks etdirən, bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə bir daha kollektivi təbrik etdi, xoş arzularını çatdırdı.
Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızın meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalandı.
Sonra respublikamızın tanınmış incəsənət ustaları Babək Niftəliyev, Fədayə Laçın və eləcə də universitetin özfəaliyyət kollektivinin ifaları, tələbələr tərəfindən hazırlanmış bayram adətlərini əks etdirən səhnəciklərin nümayişi bayram şənliyinə xüsusi rəng qatdı.
Mətbuat xidməti