Filologiya fakültəsinin keçmiş məzunları ilə xatirələr dolu görüş keçirilib
Mayın 3-də Sumqayıt Dövlət Universitetinin (SDU) Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Filologiya fakültəsi üzrə keçmiş məzunlarla Dayanıqlı İnkişaf Mərkəzində görüş keçirilib. Görüşdə keçmiş məzunlardan – Yardımlı Peşə Məktəbinin direktoru Ruslan Ataşlı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şamaxı rayon İ.Rəsulov adına Muğanlı kənd tam orta məktəbin direktoru Günel Xasıyeva, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində baş məsləhətçi Şahnaz Mirzəyeva, Ucar rayonu, Yuxarı Şilyan kənd tam orta məktəbin direktoru Emin Orucov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin ictimai-siyasi sənədlər arxivində aparıcı-məsləhətçi Ülkər Həmidova və başqaları iştirak ediblər. Karyera və Məzunlarla İş Mərkəzinin direktor v.i.e. Ruhəngiz Əmirova Məzun Assosiasiyasının gördüyü işlər və gələcək fəaliyyəti barədə məlumat verərək tədbirin açılışını etdi. Məzunların bu görüşünün SDU tələbələrinin öz sahələrində peşəkar mütəxəssis kimi formalaşmalarının, karyeralarını doğru planlamalarının praktiki əhəmiyyətindən bəhs etdi. Bu görüşün əlaqələrinin Məzun Asossasiyasının üzvü olduqdan sonra davamlı və dayanıqlı olacağını vurğuladı.
Sonra universitetin Sosial məsələlər və İctimaiyyətlə Əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov qonaqları salamlayaraq, məzun-universitet əlaqələrinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu gün SDU-nu təmsil edən məzunlar ölkəmizin ictimai-siyasi həyatında öz töhfələrini verirlər. Daha sonra Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva çıxış edərək, məzunları salamlayıb və görüşdə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. O, son illər universitetin artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və fakültənin son illərdəki fəaliyyəti və əldə etdiyi uğurları barədə məlumat verib, tələbələrə yaradılan şəraitdən və təhsil imkanlarından danışıb.
Tədbirdə Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Böyükxanım Eminli, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova, Xarici dillər kafedrasının professoru Nigar İsgəndərova çıxış edərək, universitetin inkişafından, yeni layihələr və məzunlarla gələcəkdə qurulacaq əməkdaşlıqdan bəhs ediblər. Qeyd ediblər ki, keçmiş məzunların uğur hekayələri indiki tələbələr, həmçinin gələcək nəsillər üçün bir stimul olacaq.
Dəyirmi masa arxasında təşkil olunmuş səmimi görüşdə məzunlar öz tələbəlik illərini, xatirələrini və şəxsi təcrübələrini bölüşərək, karyera sahəsində qazandıqları uğurları barədə danışıblar. Belə görüşlərin davamlı olmasını arzulayaraq, təşəbbüsə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.