Martın 17-də Elmi Şuranın növbəti iclası keçirildi. Şuraya sədrlik edən rektor, professor Elxan Hüseynov şura üzvlərini milli adət-ənənələrimizi, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibəti, həmçinin tədris ilinin ikinci semestrinin başlanması münasibəti ilə təbrik etdi, can sağlığı və yeni-yeni uğurlar arzuladı.
İclasa başlamazdan əvvəl rektor Elxan Hüseynov kollektiv adından Humanitar Məsələlər üzrə prorektor Nizami Namazov dosent, Sona Məhərrəmova tarix, Mətanət Musayeva coğrafiya, Nemət İbayev filologiya, Natella Sultanova biologiya üzrə fəlsəfə doktorları elmi adların almaları, həmçinin İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Albert Tağıyev Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki adına layiq görulməsi münasibəti ilə təbrik etdi, onlara elmi fəaliyyətlərində nailiyyətlər arzuladı.
Sonra rektor Elmi Şura üzvülərini iclasın gündəliyi ilə tanış etdi.
Təhsil Nazirliyinin 11.03.2016-cı il tarixli qərarı ilə THOMSON REUTERS elmi-məlumat bazasından səmərəli istifadənin təşkili barədə BDU-nun Tətbiqi Riyaziyyat elmi-tədqiqiat İnstitutunun direktoru, akademik Fikrət Əliyev çıxış edərək Azərbaycanda bu layihənin gerçəkləşməsi üçün Təhsil naziri Mikayıl Cabbarova təşəkkürünü bildirdi. Akademik Fikrət Əliyev Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında imzalanan əməkdaşlıq müqaviləsindən, bu əməkdaşlığın Azərbaycanda elmin inkişafına verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters InCites™” bazasına tam çıxış əldə edəcək. Bu da beynəlxalq əməkdaşlığın inkişafına təsir edəcəyini və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağını vurğuladı.
2015-2016 – cı tədris ilinin yaz semestrində tədrisin təşkili və gedişi barədə Tədris Metodik Mərkəzin direktoru, dosent İsabal Qurbanovun, Qiyabi təhsil alan magistrantların magistr dissertasiyalarının müdafiəsinin nəticələri barədə Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynovun məruzələri dinlənildi, müzakirə aparılaraq lazımi qərarlar qəbul olundu.
Sumqayıt Texniki Kollecin strateji inkişaf planı barədə Sumqayıt Texniki Kollecin direktoru, dosent Mətanət Pirquliyeva çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edildi. Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinə qoşuldu. Bu təcrübə kollecdə təhsil alan tələbələrin həmin kollecin universitetdə təhsilini davam etdirməyə bir motivasiya yaradacağını qeyd etdi. O da vurğulandı ki, kollecdə olan ixtisaslara uyğun olaraq universitetdə yeni ixtisaslar açılsın, kolleci bitirən tələbələr müsabiqə yolu ilə universitetdə təhsillərini davam etdirsinlər.
Ümumi riyaziyyat, Pedaqogika və psixologiya kafedralarında görülən tədris- metodiki və elmi işlərin hesabatı barədə Ümumi riyaziyyat kafedrasının müdiri, dosent Nəbi Qurbanov, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Tariyel Məmmədov, Tədris Metodik Mərkəzin direktoru, dosent İsabal Qurbanov çıxış edərək kafedralarda mövcud vəziyyətin, tədris prossesinin, elmi-tədqiqat işlərinin qənaətbəxş səviyyədə olduğunu bildirdilər.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işini davam etdirdi.
Mətbuat xidməti