Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü qeyd olundu.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev açaraq bildirdi ki, son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov təbii kapitalı insan kapitalına çevirmək barədə cənab Prezidentimiz İlham Əliyevin çox dəyərli konsepsiyasını şərh etdi. Qeyd etdi ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Elşad Məmmədli, Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi İbrahim Zeynallı bildirdilər ki, ermənilər tərəfindən həyata keçirilən 31 Mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşdü. Bu gün ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunduğu və bu işdə gənclərin üzərinə böyük iş düşdüyü diqqətə çatdırdılar.
Mətbuat xidməti